Yeni İnturist Oteli mətbuata təqdim olunub

Yeni İnturist Oteli mətbuata təqdim olunub

Bu gün Bakıda "Absheron Hotel Group" a aid olan daha bir otelin – İntourist Otel Bakının mətbuat üçün təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, otelin təqdimat mərasimində "Absheron Hotel Group"-un icraçı direktoru Mark Ehler, "İntourist Otel Baku" Mehmanxanasının baş direktoru Marko Rabbia və "İntourist Hotel Baku"nun satış üzrə baş meneceri Elmira Yaqubova iştirak edib.

Tədbiri giriş sözü ilə açan "Absheron Hotel Group"-un icraçı direktoru Mark Ehler Azərbaycanda turizm sahəsində görülən işlərdən danışıb. O qeyd edib ki, artıq qısa zamanda Azərbaycanda çalışmasına baxmayaraq, 4-cü otelin açılışına nail olunub. Bundan sonra da ölkədə turizmin genişlənməsi üçün işlər görəcəklərini deyib. Həmçinin otellərdə Avropa Oyunları ilə bağlı həm menyularda, həm də xidmətdə yeniliklərin olacağını vurğulayıb.

"İntourist Otel Baku" Mehmanxanasının baş direktoru Marko Rabbia otelin fəaliyyəti barədə məlumat verib. Bildirib ki, oteldə 8 ölkənin peşəkar turizm işçiləri çalışır. 140-dan çox işçisi ilə turistlərə xüsusi qulluq nümayiş etdirilir. Avropa Oyunları ilə bağlı olaraq menyuda Azərbaycan yeməkləri də olacaq.

Sonda çıxış edən "İntourist Hotel Baku"nun satış üzrə baş meneceri Elmira Yaqubova isə otelin qonaqlar üçün təklif etdiyi yeniliklərdən danışıb. O qeyd edib ki, İnturist Otelinə gələn qonaqlar özlərini evdəki kimi hiss edəcək. Təqdimatın sonunda isə mətbuat üçün otelin otaqları və menyusu nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə