SOCAR-da silsilə tədbirlər keçirilir

SOCAR-da silsilə tədbirlər keçirilir

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) idarə və müəssisələrində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib. SOCAR-ın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodundakı anım tədbirinin iştirakçıları əvvəlcə Ulu Öndərin zavodun qarşısında ucaldılan abidəsini ziyarət edib, büstü önünə tər çiçəklər düzüblər. Zavodun direktoru Ayaz Qarayev ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən, yeni enerji strategiyasının uğurla həyata keçirilməsindən danışıb, dahi rəhbərin xalqımızın yaddaşında xilaskar dövlət xadimi və əbədi xalq məhəbbəti qazanan öndər kimi həkk olunduğunu söyləyib. Bildirilib ki, Dərin Özüllər Zavodunun Bakıda tikilməsi barədə qərarın verilməsi məhz ulu öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində mümkün olub. Müəssisənin Azərbaycan neft sənayesinin inkişafında əvəzsiz rolu olduğunu qeyd edən natiqlər dahi rəhbərin parlaq xatirəsinin hər zaman xalqımızın qəlbində yaşayacağını vurğulayıblar.

Şirkətin təlim, tədris və sertifikatlşdırma idarəsində Ulu Öndərin anım günü münasibəti ilə idarənin nəzdində fəaliyyət göstərən mərkəzlər arasında dama, şahmat və mini-futbol turnirləri keçirilib. Mayın 1-dən start verilən mini-futbol yarışlarında "Sumqayıt" təlim tədris mərkəzinin komandası final qarşılaşmasında "Qobustan" Regional Təlim Mərkəzinə qalib gələrək turnirdə birinci yerin sahibi olub.

Çıxış edənlər ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə idmanın inkişafına göstərdiyi diqqət və qayğı haqqında danışıb, gənclər arasında belə tədbirlərin keçirilməsini təlim-tərbiyə işlərinin keyfiyyətinə, sağlam həyat tərzinin təbliğinə müsbət təsir göstərdiyini bildiriblər.

Tədbirin sonunda mini-futbol üzrə I və II yeri qazanan komandalara kubok və diplomlar təqdim edilib, şahmat və dama oyunlarında yüksək nəticələr göstərənlərə diplom və hədiyyələr verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə