SOCAR-da razılıq əldə olundu FOTO

SOCAR-da razılıq əldə olundu FOTO

Mayın 1-də SOCAR-ın Baş ofisində Şirkətin Azərbaycan Qaz Təchizatı Şirkətinin (AQTŞ) və Cənubi Qafqaz Boru Kəməri Şirkətinin (CQBKŞ) operatorluğunu öz üzərinə götürməsi ilə əlaqədar imzalanma mərasimi keçirilib. SİA-nın xəbərinə görə, SOCAR prezidenti Rövnəq Abdullayev AQTŞ-nin operatorluğunun və CQBKŞ-nin kommersiya operatorluğunun SOCAR-a keçməsini şirkət üçün tarixi hadisə adlandırmış, bunun beynəlxalq konsorsium üzvlərinin inam və yüksək etimadının növbəti təzahürü olduğunu bildirmiş, qeyd edib ki, tərəfdaşlar beynəlxalq neft şirkəti olaraq SOCAR-ın regional və qlobal layihələrdə oynadığı rolu yüksək qiymətləndirir, ona artıq beynəlxalq şirkətlərdən biri kimi münasibət göstərirlər. SOCAR prezidenti bu günə qədər AQTŞ və CQBKŞ-nin operatoru kimi "Statoyl" şirkətinin fəaliyyətini təqdir etmiş, bu fəaliyyətinə görə təşəkkürünü bildirib.

Daha sonra o, Azərbaycan Qaz Təchizatı Şirkətinin Baş meneceri vəzifəsinə təyin olunmuş Lidiya Salahovanı iştirakçılara təqdim edib.

L.Salahova göstərilən etimada görə minnətdarlığını bildirmiş, ötən illərdə "Statoyl"la əməkdaşlıq şəraitində qazanılmış zəngin təcrübə və biliyin bundan sonra da Azərbaycanın, SOCAR-ın və beynəlxalq konsorsiumun mənfəəti naminə tətbiq olunacağını, yeni vəzifədə uğurla fəaliyyət göstərməkdən ötrü əlindən gələni əsirgəməyəcəyini söyləyib."Statoyl-Azərbaycan" şirkətinin prezidenti Tangi Kosmao SOCAR-ı bu əlamətdar hadisə münasibəti ilə təbrk edib, şirkətin bu vəzifənin öhdəsindən uğurla gələcəyinə əmin olduğunu bildirib. O qeyd edib ki, hər iki şirkətdə operatorluğun SOCAR-a təhvil verilməsi haqqında qərar konsorsiumun bütün üzvləri tərəfindən yekdilliklə qəbul edilib ki, bu da şirkətin son illərdə qazandığı nailiyyətlərin məntiqi nəticəsidir. T.Kosmao deyib: ""Statoyl" Azərbaycanı tərk etmir, biz istər "Azəri-Çıraq-Günəşli", istərsə də digər axtarış-kəşfiyyat layihələrində SOCAR-la birlikdə fəaliyyətimizi davam etdiririk". "Statoyl-Azərbaycan" şirkətinin prezidenti yeni fəaliyyət istiqamətlərində SOCAR-a uğurlar arzulayıb. Mərasimin sonunda 2015-ci il 1 may tarixindən etibarən Azərbaycan Qaz Təchizatı Şirkətinin operatorluğunu və Cənubi Qafqaz Boru Kəməri Şirkətinin kommersiya operatorluğunun SOCAR-a təhvil verilməsi haqqında müqavilə imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə