Erməni deputatı: “Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü ölkənin tənəzzülü ilə nəticələnəcək” BÖHRAN
"2015-ci ildə Ermənistanı dərin böhran gözləyir". SİA xəbər verir ki, bu fikirləri Ermənistanın "İrs" partiyasından olan deputatı Zauri Bostancyan "armenian today"a açıqlamasında deyib. 2014-cü ilin yekunlarını şərh edən erməni deputat vurğulayıb ki, yola salınan ildə ən uğursuz və arzuolunmaz hadisə Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzv olması ilə bağlı imzaladığı sazişdir.
"Hesab edirəm ki, bu hadisə erməni respublikasının gələcəyi üçün tarixi fakt olacaq. Biz Rusiya tərəfidən aqressiv siyasət gördük və bu aqressiya faktına qarşı heç bir etiraz görmədik. Əgər erməni xalqı Ermənistanın prezidenti Serj Sarkisyanın sentyabrın 3-də verdiyi bu qərarına qarşı etiraz səsini qaldırsaydı, həmin razılaşma sənədi imzalanmazdı. Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü bu ölkənin tənəzzülü ilə nəticələnəcək. Bu birlik funksiya göstərməsə belə, Ermənistan kimi kiçik bir ölkə üçün bu tipli inteqrasiya dərin böhran yaradacaq"-deyə, Bostancyan bildirib.
Erməni deputat eyni zamanda bəyan edib ki, 2015-ci ildə Ermənistanı nəinki iqtisadi, eləcə də siyasi böhran gözləyir: "Mən hər hansı bir proqnoz vermək fikrində deyiləm. Lakin bir real həqiqət var, erməni xalqı iqtisadi və siyasi süqutu gözləyir. Ona görə də biz bütün bu kimi hallara hazır olmalıyıq".
Xatırladaq ki, Avrasiya İqtisadi İttifaqının yaradılması haqqında razılıq sazişi Rusiya, Belorus və Qazaxıstan tərəfindən Astanada imzalanıb və bu qurumun fəaliyyəti 2015-ci ilin yanvarından rəsmən qüvvəyə minəcək. Ermənistan tərəfi isə bu sazişə 2014-cü ilin 10 oktyabr tarixində imza atıb. Rusiya, Belorus və Qazaxıstanın parlamentləri isə artıq Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyünü ratifikasiya edib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB