Azərbaycanda aqrar-sənaye kompleksinin yeni strategiyası hazırlanacaq FOTO
Bu gün Bakıda Azərbaycanda kənd təsərrüfatı sahəsinin gələcək inkişafını layihələndirmək məqsədi ilə BMT-nin ixtisaslaşmış agentliyi olan Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondunun (İFAD) strategiyasının təhlilinə həsr olunan seminar işə başlayıb. SİA-nın xəbərinə görə, hökumət qurumlarının nümayəndələrinin, Milli Məclisin deputatlarının, beynəlxalq təşkilatların təmsilçilərinin, səfirlərin iştirak etdiyi seminar kənd yerlərinin inkişafı, iş yerlərinin və güclü kənd icmaların yaradılmasını stimullaşdıran istiqamətlərin və alətlərin müəyyən edilməsi məqsədi ilə təcrübələrin bölüşməsinə imkan yaradır.
Seminarın açılışında Azərbaycanın kənd təsərrüfat naziri Heydər Əsədov çıxış edərək bildirib ki, Azərbaycanda iqtisadi inkişaf strategiyasının əsas hədəflərindən biri qeyri-neft sektorunun və xüsusilə də kənd təsərrüfatının inkişaf etdirilməsidir. Bu inkişafın təmin edilməsində beynəlxalq təcrübənin öyrənilməsi, təcrübə mübadiləsi, bilik və bacarıqların bölüşdürülməsi xüsusi əhəmiyyət kəsb edir.
İFAD-la əməkdaşlıq əlaqələrindən danışan nazir qeyd edib ki, bu təşkilat Azərbaycanda 17 ildir ki, çalışır. İFAD dünyada ərzaq təhlükəsizliyinin təmin edilməsində, yoxsulluğun azaldılmasında, kənd infrastrukturun yaradılmasında töhfələri əvəzsizdir. İFAD-ın Azərbaycanda gördüyü işlər, həyata keçirdiyi layihələri yüksək qiymətləndirirəm. Əminəm ki, bundan sonra da əməkdaşlığımız yüksələn xəttlə davam edəcək.
Nazir vurğulayıb ki, dövlət tərəfindən bu sahəyə kifayət qədər yardımlar edilir. Azərbaycanın kənd təsərrüfatı böyük inkişaf yoluna qədəm qoyub. Dövlət başçısı tərəfindən Azərbaycanda aqrar-sənaye kompleksinin yeni strategiyasının hazırlanması tapşırığı verilib. Hazırda bu strategiya üzərində işlər gedir. Bu strategiyanın hazırlanıb həyata keçirilməsində İFAD-la prioritetlərimizin uyğunlaşdırılması məsələsi gündəmdədir. Hesab edirik ki, bu da öz müsbət nəticəsini verəcək.
İFAD-ın Yaxın Şərq, Şimali Afrika, Mərkəzi Asiya və Avropa Bölməsinin direktoru xanım Xalidə Bouzar çıxış edərək bildirib ki, İFAD kənd təsərrüfatı strategiyasına ("2014-2020 illərdə Azərbaycan Respublikasında Aqrobiznesin İnkişafı Strategiyası") uyğun olaraq kənd yerlərini inkişaf etdirmək məqsədi ilə yeni və innovativ yanaşmalara əsasən fəaliyyət göstərəcək. Azərbaycanda İFAD tərəfindən maliyyələşdirilən növbəti proqramlar və layihələr heyvandarlıq sahəsi üzrə dəyər zəncirinin gücləndirilməsinə və bu sektorun inkişafına yönələcəkdir. Xüsusən də yeni bazarlara çıxış, keyfiyyət və gigiyena standartlarına diqqət yetirməklə ənənəvi təsərrüfatçılıq təcrübələrinin yaxşılaşdırılması ilə nəticələnəcəkdir. İndiyədək 350 min kənd əhalisi İFAD tərəfindən maliyyələşdirilmiş proqram və layihələrdən faydalanıb.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov seminarda çıxış edərək bildirib ki, İFAD-la əməkdaşlığı yüksək qiymətləndiririk və bu əlaqələr davam etdiriləcək. Ötən illər ərzində bu təşkilat tərəfindən Azərbaycanda kənd təsərrüfatının ayrı-ayrı istiqamətləri üzrə dəstək proqramları həyata keçirilib və uğurlu nəticələr əldə edilib.
Azər Əmiraslanov vurğulayıb ki, bu gün Azərbaycan ilə kənd təsərrüfatı sahəsində birgə fəaliyyət üçün çox geniş imkanlar yaradılıb və bu sahədə çox əlverişli əməkdaşlıq platforması mövcuddur. Prezident İlham Əliyev Azərbaycanda kənd təsərrüfatının inkişafını iqtisadiyyatın prioritet istiqaməti kimi müəyyən edib. Son 1 ilə yaxın müddət ərzində dövlət tərəfindən kənd təsərrüfatının inkişafı istiqamətində çox ciddi qərarlar qəbul edilib. Bu qərarlar yeni təşəbbüsləri nəzərdə tutur. İqtisadiyyatın şaxələndirilməsinə nail olmaq üçün məhz aqrar-sənaye kompleksinin inkişafı mühümdür.
A. Əmiraslanov kənd təsərrüfatının inkişafı istiqamətində dövlət tərəfindən qəbul edilən qərarlar, onların mahiyyəti, irəli sürülən yeni təşəbbüslər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib, bu sahəyə dövlət dəstəyindən danışıb.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Broek Azərbaycanda BMT-nin inkişafa yardım strukturundan, əməkdaşlığın gücləndirilməsindən söz açıb.
Seminarın ilk günü kənd təsərrüfatı sahəsində regional təcrübələr öyrənilib, ətraflı fikir mübadiləsi aparılıb.
Oktyabrın 24-də başa çatacaq tədbirdə Azərbaycanın kənd yerlərinin inkişafı üzrə siyasi perspektivləri və strateji baxışları, İFAD-ın ölkə üzrə strategiyası, kənd yerlərində rəqabətə davamlılığın artırılması, ölkəmizdə kənd təsərrüfatı investisiyaları və digər məsələlər barədə müzakirələr aparılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB