İqtisadçı: “Azərbaycan yeni bir layihəyə imza atır” MÜNASİBƏT
"Sentyabrın 20-də Heydər Əliyev Mərkəzində Cənubi Qafqaz qaz kəmərinin genişləndirilməsi layihəsinin başlanılması və eləcə də "Əsrin müqaviləsi"nin 20 illiyi ilə bağlı tədbir keçiriləcək. Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən tədbirə region və Avropanın bir sıra ölkələrinin dövlət və hökumət başçıları qatılacaqlar. İqtisadçı-alim kimi dəvət olunduğum bu tədbirdə iştirak etmək qürurverici olmaqla yanaşı eyni zamanda Cənubi Qafqaz qaz kəməri ilə bağlı tarixi günün şahidi olmaq imkanı deməkdir". SİA-nın xəbərinə görə, bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov söz "facebook" səhifəsində məlumat paylaşıb.
Vüqar Bayramovun sözlərinə görə, bu anlaşma Azərbaycanın dövlət gəlirlərinin uzun müddətli dövrdə və strateji olaraq təmin edilməsi baxımdan əhəmiyyətlidir: "Belə ki, ilkin qiymətləndirmələrə əsasən, Azərbaycanın Şahdəniz yatağının birinci və ikinci fazasının işlənməsindən əldə etdiyi gəlirin həcmi 200 milyard dollara yaxın olacaq. Şahdəniz yatağının ikinci fazasının mavi qazınını Türkiyə və Avropa bazarına 2018-ci ildən başlayaraq daxil olacağını nəzərə aldıqda bu eyni zamanda Azərbaycan enerji resurslarının satışından əldə etdiyi gəlirlərinin də stabil olaraq tənzimlənməsinə imkan verəcək. Mavi qaz satışından əldə edilən gəlirlərin stabil olaraq artması, eyni zamanda Hasliatın Pay Bölgüsü üzrə neft ixracının mərhələli aşağı düşməsinin iqtisadiyyata hər hansı mənfi təsirlərinin qarşısını almış olacaq. Bu isə o deməkdir ki, bu anlaşma mərhələli olaraq Azərbaycan neft dövrünün uzunmüddətli qaz dövrü ilə əvəzlənməsi deməkdir.
Azərbaycanın mavi qazının Avropa bazarına çıxarılmasına qarşı kifayət qədər xarici təzyiqlər var idi. Praktik olaraq, ölkəmiz Xəzər hövzəsində Avropa Birliyi ilə danışıqlarda sonadək öz mövqeyini qoruyub saxlayan yeganə dövlət oldu. Birliyinin Türkmənistan ilə apardığı uzun sürən danışıqlara baxmayaraq Cənub Qaz Dəhlizində Aşqabadın iştirakına nail olmaq mümkün olmadı. Buna baxmyaraq, Azərbaycan həm TANAP, həm də TAP-ın reallaşmasına nəinki töhvə verdi, hətta birbaşa iştirak etdi. Ölkəmizin müstəqil qərarı eyni zamanda Azərbaycanın regionda müstəqil fəaliyyətinin nəticəsi kimi qiymətləndirilə bilər.
Bu qərarla Azərbaycan Avropanın enerji təhlükəsizliyinə ciddi töhvə vermiş oldu. Bu layihənin reallaşması Avropanın Rusiyadan mavi yanacaq asılılığını azaldacaq. Birinci mərhələdə ildə 10 milyard kubmetr qaz Rusiyadan yan keçməklə Avropa bazarına çıxarılacaq. Növbəti mərhələdə bu, 21 milyard kubmetrə çatdırılacaq. Əgər TAP-ın ötürmə qabiliyyətinin 60 milyard kubmetr olduğunu nəzərə alsaq, bu, o deməkdir ki, "Abşeron" yatağı da istifadəyə veriləndən sonra Avropa Birliyi göstərilən həcmdə qazı Azərbaycandan idxal edəcək. Elə birinci mərhələdə Avropa bazarına çatdırılacaq mavi yanacaq, bir neçə ölkənin tələbatını ödəmək baxımından böyük əhəmiyyət daşıyacaq. Mavi yanacaq baxımından Rusiyadan 97 faiz asılı olan Bolqarıstan yararlanan ölkələr olacaqlar. Ümumilikdə TAP Avropanın Mərkəzi Şərqində, eləcə də cənubi Avropada enerji təhlükəsizliyinin formalaşmasına ciddi müsbət təsir göstərəcək.
Bütövlükdə, təsdiq edilmiş neft ehtiyatları 1,5 milyard ton, qaz ehtiyatları isə "Abşeron" yatağının ehtimal edilən 350 milyard kubmetrlik qaz potensialı da daxil edilməklə 2,55 trilyon kubmetr olmaqla Azərbaycanın etibarlı tərəfdaş imici və Avropaya çıxış imkanları ölkəmizin əhəmiyyətini daha da artırır. Hazırki imkanlarla Azərbaycan Avropa ölkələrinin ümumi qaz tələbatını 10 ilə yaxın ödəmək gücünə malikdir. Lakin respublikamızın ehtiyatlarının bununla bitdiyini demək doğru deyil. Çünki bir sıra mütəxəssislər hesab edirlər ki, Xəzərin Azərbaycan sektorunda kəşf edilməmiş neft-qaz ehtiyatları hələ kifayət qədərdir. Digər mühüm məqam isə Xəzər regionunun enerji resurslarını Avropa bazarlarına Rusiyadan kənar keçməklə çıxaracaq ən optimal yolun məhz Azərbaycandan keçməsidir. Bu səbəbdəndir ki, AB-nin Azərbaycanla apardığı müzakirələrdə və həyata keçirilməsi planlaşdırılan layihələrdə respublikamız sadəcə ixracatçı kimi deyil, həmçinin tranzit ölkə olaraq iştirak edir. Azərbaycanın qaz potensialı növbəti on ildən sonra ixracın həcmini təxminən 60 milyard kubmetrə qədər artırmaq imkanı yaradır".
Qeyd edək ki, "Şahdəniz" yatağının ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir. "Şahdəniz-2" layihəsi çərçivəsində ilk qazın əldə edilməsi 2018-ci ildə gözlənilir. "Şahdəniz" qaz-kondensat yatağının ikinci mərhələsindən Azərbaycan qazının Avropaya tədarükü haqqında imzalanmış müqavilələr üzrə gəlirlərin həcmi təqribən 200 milyard dollar təşkil edəcək. Azərbaycan qazının Avropaya çatması 2019-cu ildə mümkün olacaq. "Şahdəniz-2" çərçivəsində qaz Türkiyəyə artıq 2018-ci ildə çatacaq.
Beləliklə, Azərbaycan yeni bir layihəyə imza atır. Bu anlaşma uzun müddətli dövrdə Azərbaycanın dövlət gəlirlərinin formalaşmasında lokamativ olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB