“ARDNŞ-in neft dağılmalarının xəbərdarlığı və ləğvi planı” təsdiq olunub
Neftin hasilatı, nəqli, saxlanılması, emalı və satışı zamanı neft dağılmalarının qarşısını almaq və bu hallarla mübarizə aparmaq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prioritet vəzifələrindəndir. Ötən il şirkətin fövqəladə hallar komissiyasının nəzdində "Neft və neft məhsullarının dağılmalarının xəbərdarlığı və ləğvi əməliyyatlarının idarə olunması" üzrə işçi qrupu yaradılıb, ekologiya idarəsi tərəfindən respublikanın dəniz və quru ərazilərində işləyən bütün struktur bölmələrin fəaliyyət sahələrini əhatə edən "ARDNŞ-in neft dağılmalarının xəbərdarlığı və ləğvi planı" (NDXLP) hazırlanıb.
ARDNŞ-in mətbuat xidmətindən SİA-ya bildiriblər ki, planın hazırlanması zamanı mövcud qanunvericilik, habelə şirkətin struktur bölmələrinin "Fövqəladə hallara hazırlıq planı", Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən hazırlanmış "Dənizdə neft dağılmalarının xəbərdarlığı və ləğvi Milli Planı" layihəsinin tələbləri əsas götürülüb, aidiyyəti mütəxəssislərlə müzakirələr aparılıb, rəy və qeydlər nəzərə alınıb.
FHN, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ARDNŞ, bp neft şirkəti və digər təşkilatların nümayəndələrinin iştirakı ilə təşkil olunan seminarda NDXLP-nin layihəsinin təqdimatı keçirilib və plan müsbət qiymətləndirilib. ATƏT-in Bakıdakı layihə əlaqələndiricisi ilə əməkdaşlıq çərçivəsində cəlb olunmuş neft dağılmalarına qarşı cavab tədbirləri üzrə beynəlxalq məsləhətçi-ekspert tərəfindən plana müsbət rəy verilib və ARDNŞ-in prezidentinin müvafiq əmri ilə NDXLP təsdiq edilib.
Yaxın vaxtlarda NDXLP-nın tələblərinə uyğun olaraq, ARDNŞ-in neft dağılması ehtimalı yüksək olan obyektlərində texniki vəziyyətin və neft dağılmalarına qarşı cavab tədbirləri üzrə mövcud imkanların qiymətləndirilməsi aparılacaq. Planın icra mexanizmlərinin müəyyənləşdirilməsi, neft dağılmalarına qarşı qabaqlayıcı tədbirlərin görülməsi, dağılma baş verdiyi halda nəticələrinin aradan qaldırılması və ekoloji bərpa işlərinin aparılması üçün konkret fəaliyyət tədbirləri hazırlanacaq. Plan çərçivəsində kosmik monitorinq sisteminin təşkil olunması da planlaşdırılır.
Neft dağılmalarına qarşı hazırlığın yüksəldilməsi, mütəxəssislərin bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün müvafiq təlim kurslarının, seminarların, təlim-məşqlərin keçirilməsi nəzərdə tutulub.
Planın yerinə yetirilməsi istiqamətində Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, bp şirkəti, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti, "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti və bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlıq davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB