6 ayda BTC ilə 17,8 milyon ton xam neft nəql olunub

6 ayda BTC ilə 17,8 milyon ton xam neft nəql olunub

İlin birinci yarısında Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri üzrə əməliyyat xərclərinə 100 milyon dollar, əsaslı xərclərə 61,3 milyon dollar vəsait sərf olunub. İlin sonunadək BTC-nin əməliyyat xərclərinin təxminən 230 milyon dollar, əsaslı xərclərin isə 119 milyon dollar olması gözlənilir.

"bp-Azerbaijan" şirkətindən verilən məlumata görə, hazırda Bakı-Tbilisi-Ceyhan boru kəmərinin gündəlik ötürmə gücü 1,2 milyon bareldir. Avqustun 11-də BTC ilə Türkiyənin Ceyhan terminalına iki milyardıncı barel neft yola salınıb. İlin birinci yarısında BTC vasitəsilə təqribən 17,8 milyon ton (134 milyon barel) xam neft nəql olunaraq Ceyhandan 185 tankerə yüklənib. Hazırda boru kəməri ilə Azərbaycandan əsasən "Azəri-Çıraq-Günəşli" nefti və "Şahdəniz" kondensatı ötürülür. Bundan əlavə, ötən ilin oktyabrından etibarən BTC vasitəsilə müəyyən həcmdə Türkmənistan neftinin Tengiz limanından nəqli bərpa olunub.

Boru kəməri istismara verilən gündən etibarən isə BTC vasitəsilə ümumilikdə nəql edilən 263 milyon ton xam neft Ceyhan limanında 2 min 580 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə