Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) təşkilatçılığı ilə Yevlax şəhərində əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemindən istifadə qaydalarına dair "Açıq qapı" adı altında seminar keçirilmişdir. Tədbirdə Yevlax, Mingəçevir və Naftalan şəhərlərində, Ağdaş, Goranboy, Ucar, Zərdab, Kürdəmir, Ağsu və Göyçay rayonlarında fəaliyyət göstərən işəgötürənlərin rəhbər və kadrlar üzrə vəzifəli şəxsləri iştirak etmişlər.
Tədbirdə çıxış edənlər son illər əmək münasibətlərinin tənzimlənməsi istiqamətində görülən genişmiqyaslı işlərdən danışmış, Azərbaycan Prezidentinin Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında 2013-cü il 27 dekabr tarixli Fərmanının işçi hüquqlarının etibarlı təminatı mexanizminin müasir tələblərə uyğun qurulmasına xidmət etdiyini vurğulamışlar.
Tədbirdə ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları tərəfindən təqdimatlar əsasında əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi qaydalarından bəhs edilmiş, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması üçün sistemə daxil edilməsi, qeydiyyatdan keçirilməsi və bu barədə işəgötürənə məlumat verilməsi prosedurları, əmək müqaviləsi bildirişinin, habelə əmək müqaviləsi bağlanıldığı, dəyişiklik edildiyi və ya xitam verildiyi halda əmək müqaviləsi bildirişinin formaları əyani şəkildə nümayiş etdirilmişdir. Bildirişlərin "Elektron hökumət" portalı üzərindən (https://www.e-gov.az ) sistemə daxil edilməsi üçün zəruri olan gücləndirilmiş imza sertifikatlarının necə əldə olunması, yeni sistemdə məlumatların təhlükəsizliyinin təmin edilməsi və s. barədə məlumat verilmişdir.
Seminarda bu islahat tədbiri nəticəsində qeyri-leqal əməyin qarşısının alınması, işçilərin gələcək sosial təminat hüquqlarının müdafiəsi, məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarının artırılması üçün daha mükəmməl əsasın formalaşacağı vurğulanmış, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB