Dövlət büdcəsi xərclərinin 25,6 faizi sosialyönlü sahəyə ayrılıb

Dövlət büdcəsi xərclərinin 25,6 faizi sosialyönlü sahəyə ayrılıb

"Hesabat ilində iqtisadi təsnifata uyğun olaraq dövlət büdcəsi xərclərinin 25,6 faizi və yaxud 4906,4 mln. manatı sosialyönlü xərclərin maliyyələşdirilməsinə yönəldilib ki, bu da 2012-ci illə müqayisədə 166,3 mln. manat və yaxud 3,5 faiz çoxdur". SİA-nın xəbərinə görə, statistik rəqəmlər Maliyyə Nazirliyinin 2013-cü ilin dövlət büdcəsinin icrası ilə bağlı hazırladığı hesabatda yer alıb.

Hesabatda qeyd olunur ki, ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə 2013-cü ilin sentyabrın 1-dən büdcədən maliyyələşən elm, təhsil, səhiyyə, mədəniyyət, sosial müdafiə və sosial təminat sahələrində və dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin və dövlət qulluqçularının əməkhaqları, müavinətlər və təqaüdlər orta hesabla 10 faiz artırılıb.

Yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2013-cü il sentyabrın 1-dən 17,6 faiz artırılaraq 85 manatdan 100 manata çatdırılıb və bu artım 1210 min nəfərə yaxın əmək pensiyaçısını əhatə edib. Qeyd olunan əməkhaqqı artımlarının məntiqi davamı olaraq Azərbaycan üzrə minimum aylıq əməkhaqqının məbləği 93,5 manatdan 2013-cü il sentyabrın 1-dən 12,3 faiz artırılaraq 105 manat həddinə çatdırılıb. Ünvanlı dövlət sosial yardımının təyin olunması üçün istifadə edilən ehtiyac meyarının həddi 2013-cü ilin əvvəlindən 93 manat, yaşayış minimumunun həddi 116 manat, əmək qabiliyyətli əhali üçün 125 manat, pensiyaçılar üçün 94 manat, uşaqlar üçün 93 manat məbləğində müəyyən edilib.

Sosialyönlü xərclərin strukturuna aid olan əməyin ödənişi üzrə xərclərə 2750,9 mln. manat vəsait yönəldilib ki, bu da 2012-ci illə müqayisədə 103,5 mln. manat və yaxud 3,9 faiz çox, təqaüd və sosial müavinət üzrə xərclərə 1705,4 mln. manat vəsait yönəldilib ki, bu da 2012-ci illə müqayisədə 1,5 mln. manat və yaxud 0,1 faiz çox, dərman, sarğı ləvazimatları və materiallarının alınması üzrə xərclərə 173,2 mln. manat vəsait yönəldilmişdir ki, bu da 2012-ci illə müqayisədə 26,2 mln. manat və yaxud 17,8 faiz çox və ərzaq məhsullarının alınması 11 üzrə xərclərə 276,9 mln. manat vəsait yönəldilib ki, bu da 2012-ci illə müqayisədə 35,1 mln. manat və yaxud 14,5 faiz çoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə