Prezident İlham Əliyev: “Həyata keçirdiyimiz layihələr Avropanın enerji xəritəsini böyük ölçüdə dəyişdirib”
"Azərbaycan Xəzər hövzəsində enerji resurslarının Avropa və dünya bazarlarına çıxarılmasında öz liderlik rolunu oynayır". SİA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Fransa prezidenti ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
Fransa ilə enerji sahəsində əməkdaşlıqla bağlı müzakirələr apardıqlarını söyləyən Prezident İlham Əliyev deyib ki, Azərbaycan qazının Avropa ölkələrinə çatdırılması üçün həyata keçirilən enerji layihələrinin dəyəri 45 milyard dollardır: "Azərbaycan Xəzər hövzəsində enerji resurslarının Avropa və dünya bazarlarına çıxarılmasında lider rolunu oynayır. Enerji milli təhlükəsizlik məsələsinə çevrilib. Həyata keçirdiyimiz layihələr Avropanın enerji xəritəsini böyük ölçüdə dəyişdirib".
Prezident İlham Əliyev səfərin iki ölkə arasında münasibətlərin inkişafına güclü təkan verəcəyini də vurğulayıb.
Mətbuat konfransında Fransa prezidenti Fransua Olland və Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna böhranının Azərbaycanın Avropa Birliyinə yaxınlaşmasına təsiri ilə bağlı sualı da cavablandırıblar.
Suala cavab verən Fransua Olland bildirib ki, Bakıya səfəri heç bir ölkəyə qarşı yönəlməyib. O, hər bir ölkənin öz mövqeyini azad şəkildə bəyan etməsini istədiyini vurğulayıb: "Biz Azərbaycanın hər hansı ölkə ilə əməkdaşlığına qarşı deyilik. Bəzi qıcıq doğuran məsələlər var, Dağlıq Qarabağ münaqişəsi də bu sıradadır. Gürcüstanda da belə problemlər var".
Prezident İlham Əliyev isə Azərbaycanla Avropa Birliyi arasında gözəl dialoqun olduğunu bildirib: "Avropa Birliyi ilə siyasi-iqtisadi əlaqələrimiz var. Azərbaycanın enerji təhlükəsizliyi ilə bağlı irəli sürdüyü layihələr Avropa Birliyi tərəfindən dəstəklənir. Daxili və xarici siyasətlə bağlı addımlarımıza heç bir kənar dövlət təsir edə bilməz. Azərbaycan müstəqil siyasət yürüdür. Biz siyasi və iqtisadi islahatlar aparırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB