Natiq Əmirov Slovakiyanın Maliyyə Nazirliyinin Dövlət katibi ilə görüşüb

Natiq Əmirov Slovakiyanın Maliyyə Nazirliyinin Dövlət katibi ilə görüşüb

Vergilər nazirinin birinci müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Natiq Əmirov Slovakiya Respublikasının Maliyyə Nazirliyinin Dövlət katibi Vazil Hudak və onun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. SİA xəbər verir ki, qonaqları salamlayan N.Əmirov Azərbaycan iqtisadiyyatı və ölkəmizin vergi sistemi haqqında qonağa ətraflı məlumat verib, vergi inzibatçılığı və informasiya texnologiyalarının tətbiqi, ƏDV depozit hesabı, vergi ödəyicilərinə göstərilən elektron xidmətlər, elektron hökumət quruculuğu və elektron hökumətdən mobil hökumətə keçidlə bağlı Vergilər Nazirliyi tərəfindən görülən işlər barədə danışıb.

O qeyd edib ki, Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında həm dövlətlərarası, həm də vergi orqanları arasında əlaqələr inkişaf edir və iki ölkə arasında ikiqat vergitutmanın aradan qaldırlmasına dair saziş çərçivəsində müntəzəm danışıqlar aparılır. Nazir müavini növbəti mərhələdə iki ölkənin vergi orqanları arasında praktiki əməkdaşlığın, o cümlədən vergi inzibatçılığı sahəsində mövcud olan müsbət təcrübələrin öyrənilməsi məqsədilə qarşılıqlı səfərlərin təşkil edilməsinin vacibliyini qeyd edib.

Slovakiya Respublikasının Maliyyə Nazirliyinin Dövlət Katibi Vazil Hudak görüşdən məmnunluğunu ifadə edib, ölkəsinin Azərbaycanla əlaqələrə mühüm əhəmiyyət verdiyini, son illər ərzində qarşılıqlı olaraq yüksək səviyyəli nümayəndə heyətlərinin səfərlərinin təşkil olunduğunu qeyd edib. Bildirilib ki, "Azərbaycan Respublikası Hökuməti və Slovakiya Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya" layihəsi üzrə danışıqlar aparılır və yaxın vaxtlarda onların başa çatdırlması planlaşdırılır.

Görüşdə iki ölkə arasında əməkdaşlığın cari potensialı və inkişaf imkanları üzrə fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə