Sədaqət Vəliyeva: “Tibbi sığorta insanların sağlamlığının “qızıl zəmanətidir”
"Bu gün Azərbaycanda tibbi xidmət pulsuz həyata keçirilir. Dövlət xəstəxanalarında vətəndaşların qəbulu və müayinəsi tamamilə ödənişsizdir. Amma bir çox xəstəliklərdən irəli gələn əməliyyatlar və ya müalicələr var ki, onlar əsasən, özəl klinikalarda reallaşdırılır və müəyyən məbləğ tələb edir. Bu səbəbdən də, vətəndaşların tibbi sığortadan istifadəsi getdikcə günümüzün tələbinə çevrilir". Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva SİA-ya açıqlamasında deyib.
Onun sözlərinə görə, tibbi sığorta insanların sağlamlığının "qızıl zəmanətidir: "Çünki, insanlar üçün hər şeydən önəmli onların səhhətidir. İnsan sağlamlığında elə problemlər yarana bilər ki, o zaman ağır əməliyyatların keçirilməsi qaçınılmaz olar. Məhz, sağlamlığın qorunması və insanın daim gümrah qalması üçün tibbi müayinə vacibdir. Amma, bunun digər tərəflərini də mütləq nəzərə almaq lazımdır. Əgər vətəndaşlarımız tibbi-sosial sığortadan istifadə edərsə, o zaman onların hər hansı bir instansiyaya müraciət etmədən səhhətindəki problemləri aradan qaldırmasına imkanı olacaq. Deyə bilərəm ki, bəzi hallarda tibbi məsələlərlə bağlı müraciətlər bizə edilir. Amma bəzən də çox ağır və böyük miqdarda vəsait tələb edən əməliyyatlarla da bağlı vətəndaşların xahiş etdiklərinin şahidi oluruq. Əlbəttə ki, gücümüz çatan qədər həmin insanlara tibbi və hüquqi köməklik edirik. Lakin, böyük miqdar tələb edən əməliyyatların keçirilməsinə kömək etmək imkansız olur. Ona görə də, insanlar ya hansısa məmura, ya da xeyriyyə təşkilatlarına müraciət edirlər. Təbii ki, bu da vaxt tələb edir, bu zaman kəsiyində isə həmin xəstələrin vəziyyəti daha da pisləşir. Bu səbəbdən də, insanlar sağlamlığı ilə əlaqədar heç bir problem yaşamaq istəmirsə, tibbi sığortadan istifadə etməlidir".
Xarici ölkələrdəki səhiyyə sahəsindəki vəziyyəti ölkəmizlə müqayisə edən deputat Sədaqət Vəliyeva deyib ki, Azərbaycan yeganə ölkələrdəndir ki, burada pulsuz tibbi xidmət var: "Dünyanın çox az ölkəsini göstərmək olar ki, orada tibbi xidmət pulsuz olsun. Bu arada Prezident İlham Əliyevin ölkə ərazisində insanların pulsuz tibbi müayinəsinin təşkilini də misal olaraq göstərə bilərik. Amma Avropa ölkələrində, ABŞ-da, Kanadada və digər ölkələrdə tibbi xidmət pulludur. Hətta, bəzi məlumatlara görə, ABŞ-da bir dişin müalicəsi 2000 dollara başa gəlir. Azərbaycanda isə bir dişin müalicəsi 20-30 manata olur. Məhz, bu səbəbdəndir ki, ABŞ-da insanlar tibbi-sosial sığorta ilə bağlı tez-tez nümayişlər keçirir. Elə Barak Obamaya səs verənlərin böyük bir hissəsi tibbi-sosial sığorta haqqında qanunun qəbulunda maraqlı olanlardır. Yəni, hələki vəziyyət Azərbaycanda ürək açandır. Amma bazar iqtisadiyyatı çərçivəsində özəl və güclü səhiyyə mərkəzləri yaranır ki, onlar da hamısı pullu xidmət göstərirlər. Ona görə də, tibbi sığorta məsələsi insanlar tərəfindən ciddi qəbul edilməlidir ki, sabah hansısa problemlər yaşanmasın".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB