"2015-ci ildə Azərbaycanda I Avropa oyunlarının keçirilməsinə görə nəqliyyat-yol kompleksi ilə bağlı tədbirlər planı layihəsi nəzərdə tutulub. Həmin plana görə "Şəfa" stadionunun qarşısında avtomobil və piyadalar üçün yeraltı keçid qovşağının tikintisi bu il yekunlaşacaq". Bunu SİA-ya açıqlamasında , "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev qarşıda duran vəzifələr barəsində danışarkən deyib.
Onun sözlərinə görə, Heydər Əliyev prospekti ilə Müzəffər Nərimanov və "5-ci Köndələn" küçələrinin kəsişməsində, "Şəfa" stadionunun qarşısında 1 avtomobil tunelinin və 1 piyada keçidinin tikintisi işləri əsasən yekunlaşıb: "Tunelin kənarlarına bardürlər düzülüb. Yağış və qrunt sularını ötürəcək xətlərin nasosxana ilə əlaqələndirilməsi isə başa çatıb. Hazırda tunelin üzlənməsi, naxış işləri yerinə yetirilir. Bununla paralel olaraq, tuneldə asfalt-beton örtüyünün vurulmasına hazırlıq işləri görülür. Piyada keçidində də bəzək işləri həyata keçirilir. Eyni zamanda, yan yolların tikintisi reallaşdırılır, səkilər salınır, yağış barmaqlıqları quraşdırılır. Avtomobil sıxlığı və ərazinin təhlükəli olması nəzərə alınaraq piyadaların keçiddən istifadə etmələri üçün şərait yaradılıb. Tunel istifadəyə verildikdən sonra M.Nərimanov küçəsi ilə hərəkət edən avtomobillər şəhər istiqamətinə, "5-ci Köndələn" küçəsinə və hava limanına heç bir maneəsiz gedə biləcəklər".
O, eyni zamanda vurğulayıb ki, su oyunlarının keçiriləcəyi arenaya yeni avtomobil yolunun tikintisi, Ziya Bünyadov prospektinin yenidən qurulması və prospect üzrəində olan yol qovşağlarının yenidən qurulması və tikintisi bu il üçün yekunlaşdırılmalıdır.
P. Mürsəliyev onu da bildirib ki, Babək prospektinin əsaslı şəkildə yenidən qurulması, eləcə də Mikayıl Əliyev küçəsinin Koroğlu metro stansiyasından Babək prospektinə qədər olan hissənin yenidən qurulması, Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel metronun "Koroğlu" stansiyasına və "Olimpiya" stadionuna yeni giriş yolunun tikilməsi də bu il üçün nəzərdə tutlub: "Ziya Bünyadov prospektinə paralel olacaq yol başlanğıcını Həsən Əliyev küçəsinin sonundan götürməklə "Olimpiya" stadionuna qədər uzanacaq. Yol boyu tunellərin, yolötürücülərinin, piyada keçidləri və körpülərinin tikintisi nəzərdə tutulub. Artıq stadion ətrafında tikinti altına düşən maneələrin söküntüsü başa çatdırılıb, kommunikasiya xətlərinin (qaz, su, elektrik) köçürülməsi işləri isə davam etdirilir. Hazırda layihənin son variantına baxılır. İlkin cizgilərə əsasən, stadiona giriş məqsədilə yeni tunelin tikintisinə və digər işlərə başlanılıb. Yeni yol istismara verildikdən sonra Heydər Əliyev prospektinin yükünü azaltmaqla yanaşı, Bakı şəhərinin mərkəzindən "Olimpiya" stadionuna maneəsiz, tıxacsız, sürətli hərəkətin təmin edilməsinə xidmət edəcək".
Mətbuat xidmətinin rəhbəri onu da qeyd edib ki, Bakının Ziya Bünyadov prospektində (keçmiş Dərnəgül şossesi) 4 yerüstü piyada keçidinin tikintisi işləri davam etdirilir.
Onun sözlərinə görə, piyada keçidləri Ziya Bünyadov prospekti 118-də, "Hyundai" avtoservisinin qarşısında, Ziya Bünyadov prospektindəki "Azpetrol" yanacaqdoldurma məntəqəsinin yanında, Ələsgər Qayıbov küçəsi ilə Ziya Bünyadov prospektinin kəsişməsində və Akademik Ə. M. Quliyev adına Aşqarlar Kimyası İnstitutunun yaxınlığında inşa edilir: "Azpetrol" yanacaqdoldurma məntəqəsinin yaxınlığındankı keçiddə dayaqlar montaj olunub, hazırda üzləmə işləri gedir. Ələsgər Qayıbov küçəsi ilə Ziya Bünyadov prospektinin kəsişməsindəki keçiddə dayaq bünövrələri tikilib, hazırda dayaqların və aşırım meydançasının tikinti meydançasına gətirilməsi həyata keçirilir. "Hyundai" avtoservisinin qarşısındakı və Akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun yaxınlığındakı keçidlərdə isə dayaq bünövrələri tikilib, hazırda dayaq və aşırım qurğuları zavod şəraitində hazırlanır".
Eyni zamanda, Bakıda Ziya Bünyadov prospektinin Alı Mustafayev, Hüseynbala Əliyev və Əbdülvahab Salamzadə küçələri ilə kəsişməsində - Xutor dairəsində yerləşən yol qovşağı kompleksinin tikintisi ilə bağlı layihənin 2014-cü ilin birinci rübündə başa çatdırılması planlaşdırılır. Hazırda həmin yol qovşağı kompleksinin tikintisi işləri davam etdirilir.
Yol qovşağı kompleksinə üç tunel və bir yol ötürücüsü daxildir. Hazırda tunellərin ikisində - birinci və ikinci tunellərdə üzlənmə, üçüncü tuneldə torpaq qazma, paralel olaraq Cəlil Məmmədquluzadə küçəsi (keçmiş Papanin küçəsi) istiqamətində üzlənmə işləri həyata keçirilir: "Birinci tunel nəqliyyat vasitələrinin 3-cü mikrorayon dairəsindən Xutor dairəsinə daxil olmadan Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin (keçmiş Karl Marks dairəsi) kəsişməsi istiqamətinə, ikinci tunel Ə.Salamzadə küçəsindən Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsi istiqamətinə, üçüncü tunel Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsindən Ə.Salamzadə küçəsinə maneəsiz hərəkətini təmin edəcək.
Yol ötürücü isə Ə.Salamzadə küçəsindən gələn nəqliyyat vasitələrinin Hüseynbala Əliyev küçəsinə hərəkətini təmin edəcək: "Burada tikinti-quraşdırma işləri, demək olar ki, 80 faiz başa çatıb. Artıq yol ötürücüsünün üzərinə asfalt-beton örtüyü vurulub, məhəccərlər quraşdırılıb. Yalnız müəyyən hissədə işıqlandırma və məhəccərlərin quraşdırılması işləri qalıb. Layihənin bu ilin birinci rübündə başa çatdırılması planlaşdırılır. Bu il üçün həmçinin Böyük Şor dairəsi ərazisində yeni avtomobil yollarının və yol ötürücüsünün tikintisi də nəzərdə tutulur".
Qurum rəsmisi Prezident İlham Əliyevin dünən Nazirlər Kabinetinin iclasında səsləndirdiyi "Bakı-Astara yolunun tikintisinə xüsusi diqqət yetirməliyik, orada işlər bir az ləng gedir", fikirlərini əsas gətirərək verdiyimiz suallara, agentliyimizə təqdim edəcəyi geniş arayışda cavab tapa biləcəyimizi qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB