“Maliyyə savadlılığı” aylığının yekunları AÇIQLANDI

“Maliyyə savadlılığı” aylığının yekunları AÇIQLANDI

Bu gün Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzinin təşəbbüsü ilə "Maliyyə savadlılığı" layihəsi çərçivəsində keçirilən Azərbaycanda Beynəlxalq əmanət gününün (BƏG) davamı olaraq, noyabr ərzində Maliyyə savadlılığı aylığı ilə bağlı ölkədə təşkil edilən təlimlərin yekunları barədə mətbuat konfransı keçirilib. SİA-nın xəbərinə görə, konfransda çıxış edən Mərkəzi Bankın İnkişaf departamentinin direktoru Asif Cahangirov bildirib ki, əhalinin maliyyə maarifləndirilməsi tədbirlərinin təşkilatçıları, habelə Azərbaycan Banklar Assosiasiyası, Əmanətlərin Sığortalanması Fondu, Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu (AƏBBƏF) və bir sıra kommersiya banklarıdır: "Beynəlxalq əmanət günü və Maliyyə savadlılığı aylığının keçirilməsində əsas məqsəd müxtəlif maarifləndirici tədbirlər vasitəsilə ölkə ictimaiyyətinin maliyyə savadlılığı məsələlərinə diqqətini artırmaq və əhalidə bank sektoruna inamı gücləndirməkdən ibarətdir. Bu ilki tədbirlərdə əsas hədəf qrupları məktəb şagirdləri və gənc ailələr olub. Belə ki, tədbirlər ölkənin bölgələri üzrə 38 məktəbi əhatə edib. Aylıq çərçivəsində bank işçiləri məktəblərdə ümumilikdə 10 mindən çox şagirdlə maarifləndirici söhbətlər aparıb, uşaqlar arasında yarışlar, müsabiqələr keçiriblər. Şagirdlərə, habelə "Məktəblinin şəxsi büdcə planlaşdırılması kitabçası", bank-maliyyə fəaliyyətini əks etdirən müxtəlif bukletlər, iqtisadi oyunlar, üzərində BƏG-in rəmzi olan köynəklər, papaqlar və çantalar paylanılıb".

Qeyd edək ki, aylıq çərçivəsində bank filiallarında keçirilən "Açıq qapı" və digər tədbirlərdə geniş ictimaiyyət, məktəblilər, gənc ailələr ilə görüşlər təşkil olunub, bank sektoru, kreditlər, büdcə planlaşdırılması və bu kimi digər məsələlər barədə müştərilərə məlumatlar verilib, onların sualları cavablandırılıb, müxtəlif kitabça və bukletlər hədiyyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə