"Gələn ildən yüksək sürətli fiber-optik şəbəkənin qurulmasına başlanacaq"

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov orta məktəblərin internetlə təminatı məsələsinə aydınlıq gətirib. SİA-nın xəbərinə görə, nazir jurnalistlərə açıqlamasında deyib ki, bu gün orta məktəblərin 30-35%-i internet şəbəkəsinə birləşdirilib.

Nazirin sözlərinə görə, məktəblərdə internetin sürəti yüksək olmasa da orta səviyyədədir: "Bu da əsasən şəhər yerlərindədir. Təhsil Nazirliyinin gələcək inkişafa, elektron təhsilə olan tələbləri var. Həmin tələbləri yerinə yetirmək üçün orta məktəbləri genişzolaqlı internetə birləşdirmək lazımdır. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Təhsil Nazirliyinin birgə proqramı həyata keçiriləcək. Gələn ildən Dövlət Neft Fondu ilə həyata keçirilməsi planlaşdırılan geniş zolaqlı optik şəbəkə internet layihəsi çərçivəsində orta məktəblərin genişzolaqlı internetə birləşdirilməsi əsas məsələlərdən biri olacaq".

Nazir Əli Abbasov qeyd edib ki, artıq gələn ildən Dövlət Neft Fondu və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən "Azərbaycan Respublikasının bütün yaşayış məntəqələrinə çıxış imkanı yaradan yüksək sürətli fiber-optik şəbəkənin qurulması" layihəsi həyata keçirilməyə başlanacaq: "Artıq bununla bağlı Dövlət Neft Fondu ilə işlərimizi bitirmişik. Bu layihə bir çox beynəlxalq təşkilatların da diqqətini cəlb edir. Eyni zamanda inkişaf etməkdə olan ölkələr üçün bu layihə etalon olaraq qəbul olunacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə