"Azərbaycanda İnternet: dünəni, bu günü və sabahı" mövzusunda elmi konfrans

Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda "Azərbaycanda İnternet: dünəni, bu günü və sabahı" mövzusunda respublika elmi- praktiki konfransı öz işinə başlayıb. SİA-nın məlumatına görə, bugünkü tədbir XIX BakuTel sərgi-konfransı çərçivəsində həyata keçirilir. Tədbir bəşər sivilizasiyasının unikal hadisəsi olan internetin aktual elmi problemlərinin müzakirəsi, həlli yollarının araşdırılması məqsədi daşıyır.

Konfransı giriş sözü ilə açan AMEA prezidenti, akademik Akif Əlizadə öncə rabitə və informasiya texnologiyaları işçilərini peşə bayramı münasibəti ilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Ölkədə informasiya cəmiyyəti, elektron dövlət quruculuğu proseslərinin uğurla həyata keçirildiyini qeyd edən AMEA prezidenti bu tərəqqi sayəsində internetin dinamik inkişaf etdiyini, istifadəçilərin sayının sürətlə artdığını vurğulayıb: "Hazırda Azərbaycan internetin, bütövlükdə İKT sektorunun inkişaf tempinə görə dünya ölkələri arasında ön sıralardan birini tutur. Müxtəlif nüfuzlu beynəlxalq təşkilatların son hesabatları da ölkəmizin bu nailiyyətlərini təsdiq edir. Bütün hunlar ölkəmizdə dinamik sosial-iqtisadi tərəqqinin, internet infrastrukturunun inkişafının, internet azadlıqlarını yüksək səviyyədə təmin olunmasının göstəricisidir".

Tədbirdə "İnternet və dövlət siyasəti" mövzusunda məruzə ilə çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib ki, ölkədə İKT sektorunun inkişafı, xüsusən də yüksəksürətli genişzolaqlı internet xidmətlərinin artırılması istiqamətində qəbul edilən dövlət proqramlarının, həyata keçirilən layihələr olduqca əhəmiyyətlidir.

Cəmiyyətin daha şəffaf, daha asan idarə olunmasında "Elektron hökumət" xidmətlərinin həm keyfiyyət, həm də kəmiyyət baxımından artırılmasının vacibliyini vurğulayan nazir RİTN yanında Elektron Hökumət üzrə Dövlət Agentliyinin yaradılmasının əhəmiyyətini vurğulayıb.

Ölkəmizin İKT sahəsində əldə olunan nailiyyətlər, inkişaf tempinin yüksəlməsi ilə dünya miqyasında artan nüfuzunu da önə çəkən Əli Abbasov 2020-ci ildə Azərbaycanda kosmik sənaye, yerüstü və simsiz rabitə şəbəkəsinin inkişafı, elektron hökumət və kibercinayətkarlıqla mübarizənin yüksək səviyyəyə çatacağını bildirib.

Tədbirdə, həmçinin İT üzrə aparəcə mütəxəssislərin, alimlərin məruzələri dinlənilib. Azərbaycanda internetin yaranma tarixi, inkişaf dinamikası, vətəndaş hüquq və azadlıqlarının təmin olunmasında internetin imkanları, sosial media problemləri və digər məsələlərlə bağlı səsləndirilən fikirlər maraqla qarşılanıb, qarşılıqlı fikir mübadiləsi aparılaraq verilən suallar cavablandırılıb.

Qeyd edək ki, konfrans öz işini "İnternetşünaslıq: problemlər, konseptual baxışlar, perspektivlər" mövzusunda bölmə iclası ilə davam etdirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...