“Zaqatala”da elektrik enerjisi təminatı daha da yaxşılaşdırılıb

Son vaxtlar "Şəki Regional Elektrik Şəbəkəsi"ndə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində bölgənin enerji təsərrüfatında dayanıqlıq daha da artırılıb. "Azərenerji" ASC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, elektrik enerjisi ilə təminatda dayanıqlığın daha da möhkəmləndirilməsi məqsədi ilə yarımstansiyalarda, elektrik verilişi xətlərində (EVX) əsaslı və cari təmir işləri aparılıb.

"Zaqatala" elektrik şəbəkəsi də bu qəbildən olan enerji obyektlərindəndir. Belə ki, burada cari ilin son üç ayı ərzində 10-6-0,4 kilovoltluq elektrik verilişi xətlərində və transformator məntəqələrində müxtəlif təyinatlı təmir işləri yerinə yetirilib. Mənbədən bildirilir ki, hesabat dövründə şəbəkə üzrə təmir işləri 110/35/10 kilovoltluq "Bəhmətli" yarımstansiyasından çıxan 10 kilovoltluq "Suvagil", "Bəhmətli" xətlərində, eyni gərginlikli "Zaqatala" yarımstansiyasından çıxan "Mazux", Fındıqzavod, Car xətlərində, "Muxax" yarımstansiyasından çıxan "Pərzivan", "Çobankol" və digər EVX-lərində aparılıb. Nəticədə həmin bu xətlərin bir kilometrə yaxın hissəsi təmir edilib.

Şəbəkədən verilən məlumatda 0,4 kilovoltluq EVX-lər üzrə də uğurlu təmir-bərpa işləri icra edilib. Daxil olan məlumata istinadən bildirək ki, istehlakçıları daha da dayanıqlı elektrik enerjisi ilə təmin etmək məqsədilə Zaqatala şəhəri, rayonun Lahıc, Bəhmətli, Mosul və digər bir neçə kəndlərində paylayıcı şəbəkələr təmir edilib. Burada təxminən 5 kilometrdən artıq məsafədə təmir işləri aparılıb, 14 TM-də də müxtəlif təyinatlı təmir işləri yerinə yetirilib.

Cari ilin oktyabr ayında müəssisənin xidmət ərazisində 6,8 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilib ki, bu da ötən ilin müvafiq dövründəki göstəricidən 162 min kilovatsaat çoxdur. Ümumi ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 22 faizə yaxın artıb. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 83 min kilovatsaat artaraq 4,6 milyon kilovatsaatdan artıq olub. Ödənişdə mütləq artım isə 24 faiz olub. Qeyd edək ki, cari ilin 10 ayı ərzində müəssisə üzrə istehlak 64,4 milyon kilovatsaatdan artıq olub. Bu da ötən ilin müvafiq dövründəki göstəricidən 5,7 milyon kilovatsaata yaxın çoxdur. Ümumi ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 19 faizə yaxın artıb. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə 2 milyon kilovatsaata yaxın artaraq 41,6 milyon kilovatsaatdan artıq olub. Ödəniş isə ötən ilin müvafiq dövrü ilə müqayisədə mütləq 17 faizə yaxın artıb.

Məlumata əsasən, cari ilin 10 ayı ərzində müəssisə üzrə 530-dan artıq qayda pozuntusu aşkar edilərək 1 milyon 195,9 min kilovatsaatdan artıq itirilən elektrik enerjisinin 71,8 min manata yaxın istehlak dəyəri bərpa edilib. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 65 faizdən artıq hissəsinin ödənişi təmin edilib və qalan hissənin ödənilməsi istiqamətində müvafiq tədbirlər görülür. Yeri gəlmişkən, cari ilin oktyabr ayında istehlakçıların elektrik enerjisindən istifadə qaydalarına riayət etmələrinin yoxlanılması ilə bağlı keçirilən reydlər zamanı 40 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilərək 82,9 min kilovatsaata yaxın itirilən elektrik enerjisinin 5 min manata yaxın istehlak dəyəri bərpa edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...