RİTN rəsmisi: "Azərbaycanın 98%-i rəqəmsal yayımla əhatə olunacaq"
"Dekabr ayının əvvəlinə qədər bizə vaxt verilib ki, Azərbaycanda əhali yaşayan ərazinin 98%-i rəqəmsal televiziya yayımı ilə əhatə olunsun". Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin baş direktoru Əflatun Şərifov bildirib.
Onun sözlərinə görə, artıq nazirlik məsələ ilə bağlı işləri tamamlamaq üzrədir: "Verilən tapşırıq yerinə yetirildikdən sonra Dövlət Radiotezliklər İdarəsi yayım zonasını yoxlayacaq və bu zaman hansı yaşayış məntəqələrində rəqəmsal yayımın getdiyi məlum olacaq. Bundan sonra adıçəkilən dövlət qurumu ölkə üzrə rəqəmsal yayım faizlərini dəqiqləşdirəcək".
Nazirlik rəsmisi bildirib ki, digər 2% yayım isə peyk antenaları vasitəsilə həyata keçiriləcək: "Azərbaycanın elə ucqar yaşayış məntəqələri var ki, burada 4-5 ev mövcuddur. Onlar hələ ki, televiziya kanallarına peyk antenaları vasitəsilə baxacaqlar. Çünki, 40-50 evin olduğu kəndlərə verilən rəqəmsal yayım dərəcələrinin birinin qiyməti 10 min dollardır. Bundan başqa rəqəmsal yayım dərəcələri antenalar və bir sıra digər avadanlıqlar, həmçinin elektrikqidalandırma xətləri vasitəsilə ötürülür. Bu avadanlıqların alınması və elektrikqidalandırma xətlərinin çəkilişi çox baha başa gəlir. Bundan başqa ölkə üzrə ən ucqar məntəqələrə rəqəmsal yayım siqnalları çata bilmir. Bütün bunlar ölkənin tam olaraq rəqəmsal yayıma keçməsinin qarşısını alır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB