Vüqar Bayramov: "Azərbaycan ixracatının 65%-i Avropa Birliyinin payına düşür"

Vüqar Bayramov: "Azərbaycan ixracatının 65%-i Avropa Birliyinin payına düşür"

"Hazırda Azərbaycan ixracatının 65%-i Avropa Birliyi ölkələrinin payına düşür. Bu ölkələr arasında isə İtaliyanın payı üstünlük təşkil edir. Çünki, Azərbaycan öz neftini, məhz İtaliyaya ixrac edir". Bu barədə SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, ölkəmizdə neft sektoru ilə yanaşı qeyri-neft sektorunun ixracatında da artımlar qeydə alınıb: "Qeyri-neft ixracatında Avropa Birliyi ölkələri öndə olan dövlətlər sırasındadır. Azərbaycan qonşu ölkələrə, o cümlədən Rusiya, Türkiyə, Qazaxıstan və Ukraynaya qeyri-neft məhsullarını ixrac edir. Son illər Azərbaycanın ixrac dövriyyəsində neft ixracının artması səbəbi ilə payını artıran ölkələrdən biri də İsraildir. Azərbaycan İsrailin neftə olan tələbatının 30%-ni ödəyir və bu da İsrailin Azərbaycanın xarici ticarət dövriyyəsində payının artması deməkdir. Azərbaycanın xarici ticarət dövriyyəsində həm Avropa Birliyi ölkələrinin, həm də qonşu ölkələrin payında artımlar var. 2010-cu ildən başlayaraq Azərbaycan ixracatı Mərkəzi Şərqi Avropa ölkələrini də əhatə edir".

İqtisadçı ekspert deyib ki, Azərbaycanın ticarət dövriyyəsində ixracın artması ilə yanaşı, ixracatda neft məhsullarının payının müəyyən qədər azalması müşahidə edilir: "Bu da ixracatda qeyri-neft sektorunun payının artması anlamına gəlir. Azərbaycanın ixracatında qeyri neft sektorunun payı 2010-cu ildə təxminən 3%-ə yaxın idisə, artıq bu rəqəm 8%-ə yaxınlaşır. 2014-cü ildə ixracatda qeyri-neft sektorunun payı 2 rəqəmli olacaq. Yəni bu pay 10%-dən artıq olacaq. Bu da ixracatın şaxələnməsi, qeyri-neft sektorunun payının artması deməkdir və bu ixracatda neft sektorundan asılılığın aradan qalxması baxımından vacibdir. Faktiki olaraq bu gün Cənubi Qafqazın ticarət dövriyyəsinin təxminən 80%-i Azərbaycanın payına düşür. Azərbaycanın bütövlükdə ixracatı 30 milyard dollardan çoxdur. Ölkəmiz yalnız ixracatının deyil, eyni zamanda daxildə əhalinin gəlirlərinin artması səbəbindən də idxalın həcminin artmasına nail ola bilib. Çünki, bəzi məhsulların xaricdən gətirilməsi prosesi davam edir və buna səbəb Azərbaycanda əhalinin gəlirlərinin artmasıdır. Ölkəmizdə əhalinin gəlirləri illik 12% artıb, 2014-cü ildə də əhalinin gəlir tempi qorunub saxlanılacaq, bu sahədə artım ikirəqəmli olacaq. Azərbaycan yalnız ixrac potensialının deyil, eyni zamanda idxalın həcmini də artırıb. Bu, heç də Azərbaycanın idxaldan asılı ölkə olması anlamına gəlmir. Azərbaycanda idxalın həcminin artması birmənalı şəkildə əhalinin gəlirlərinin yüksəlməsi ilə əlaqədardır. Əhalinin gəlirlərinin yüksəlməsi istehlakın artmasına səbəb olur ki, bu da idxalın həcminin artmasına şərait yaradır".

Bütün xəbərlər Facebook səhifəmizdə