Bakıda keçiriləcək İnşaat sərgisi ilə əlaqədar mətbuat konfransı keçirilib

Bakıda keçiriləcək İnşaat sərgisi ilə əlaqədar mətbuat konfransı keçirilib

Bu gün Bakıda keçiriləcək 19-cu Azərbaycan Beynəlxalq İnşaat sərgisi ilə bağlı mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə İTECA Caspian şirkəti tərəfindən təşkil olunacaq sərgidə həmçinin 5-ci Yubiley Beynəlxalq İstilik, Havalandırma və Kondisiyalaşdırma sistemləri, Su Təchizatı, Sanitariya, Ətraf mühitin mühafizəsi texnologiyaları, üzgüçülük hovuzu və bərpa olunan enerji və 6-cı Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə vasitələri sərgiləri keçiriləcək.

Mətbuat konfransında ilk çıxış edən İTE Qrup Şirkətinin icraçı direktoru Edvard Stroon bildirib ki, bu ən böyük sərgilərdən biridir: "Sərgidə 32 ölkədən 490 şirkət iştirak edir. Ötən illə müqayisədə, bu il 20 faiz artım müşahidə olunur. Bu da Azərbaycanın sürətli inkişafı ilə bağlıdır. Sərgidə 7 milli qrup iştirak edəcək. İştirakçıların əksəriyyəti dünyada tanınan holdinq və şirkətlər olacaq".

Daha sonra konfransda çıxış edən Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev bildirib ki, Azərbaycanın bu cür sərgilərə ev sahibliyi etməsi ölkədəki inkişafın göstəricisidir: "Sərgidə iştirak edəcək şirkətlərin nümayəndələri öz ölkələrinin səfirləri kimi çıxış edəcəklər. Əvvəllər Azərbaycanda tikinti sahəsində pərakəndəlik müşahidə olunurdu, amma indi bu sahədə yüksək inkişaf göz önündədir".

Qeyd edək ki, sərgi 23 oktyabr tarixində Bakı Ekspo Mərkəzində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə