Ümumi daxili məhsulun həcmi 37,4 milyard manata çatıb

Ümumi daxili məhsulun həcmi 37,4 milyard manata çatıb

2013-cü ilin yanvar-avqust ayları ərzində ölkədə istehsal edilmiş ümumi daxili məhsulun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,2 faiz artaraq 37,4 milyard manata çatıb, onun əhalinin hər nəfərinə düşən həcmi 3,9 faiz artaraq 4035,7 manat (5143,6 ABŞ dolları) təşkil edib. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, qeyri-neft sektorunda istehsal olunan əlavə dəyər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,3 faiz artıb, onun ÜDM-də xüsusi çəkisi əvvəlki ildəki 51,1 faizdən 55,2 faizədək yüksəlib.

ÜDM-in 63,8 faizi istehsal sahələrində, o cümlədən 47,2 faizi sənayedə, 11,0 faizi tikintidə, 5,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda istehsal olunub, 29,6 faizi isə xidmət sahələrinin payına düşüb. Xidmət sektorunda əlavə dəyər istehsalının 24,5 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 19,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 7,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 5,8 faizi informasiya və rabitə xidmətləri göstərən sahələr, 43,3 faizi isə sosial və digər xidmət sahələri tərəfindən təmin edilib.

Məhsula və idxala xalis vergilər ÜDM-in 6,6 faizini təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə