Ədalət Muradov: “Azərbaycandakı əlverişli mühit xarici investorların diqqətini cəlb edir”
İqtisadi İnkişaf Nazirliyinin iqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Ədalət Muradovun Səs TV-yə müsahibəsi
- Ədalət müəllim, Dünya İqtisadi Forumunun "Qlobal Rəqabət Qabiliyyətli İndeksi 2013-2014" hesabatı açıqlanıb. Azərbaycanın burada yeri və rolunu necə dəyərləndirirsiniz?
- Bildiyiniz kimi, Dünya İqtisadi Forumu sentyabr ayının 3-də dünya ölkələrinin rəqabət qabiliyyətliliyi səviyyəsini xarakterizə edən növbəti hesabatını açıqlayıb. Hesabatın hazırlanmasında 148 ölkədən olan iş adamları iştirak edib. Hesabatda hər bir ölkə üzrə rəqabət qabiliyyətinin həm güclü, həm də zəif tərəfləri işıqlandırılıb. Burada əsəsən ölkənin 12 göstəricisi əsas götürülür - institutların keyfiyyəti, infrastruktur, makroiqtisadi sabitlik, sağlamlıq və ilkin təhsil, ali təhsil və peşəkar hazırlıq, əmtəə və xidmətlər bazarının səmərəliliyi, əmək bazarının səmərəliliyi, maliyyə bazarının inkişafı, texnoloji səviyyə, daxili bazarın həcmi, şirkətlərin rəqabət qabiliyyəti və innovasiya potensialı. Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə əsasən tədqiqatın aparıldığı 148 ölkə arasında 39-cu yerdə qərarlaşıb. Beləliklə də, son bir il ərzində ölkəmizin rəqabət qabiliyyəti indeksi 4,41-dən 4,51-ə qalxıb və bununla da ölkəmiz dünya sıralamasında 7 pillə irəliləyib. Artıq beşinci ildir ki, Azərbaycan MDB ölkələri sırasında birincidir. 2005-2013-cü illər ərzində ölkəmizlə yanaşı, MDB ölkələri arasında yalnız Rusiya və Qazaxıstanın rəqabət qabiliyyəti indeksləri yaxşılaşdırılıb. Həmin ölkələrin dünya sıralamasında mövqeyi 11 pillə yaxşılaşıb. Azərbaycan bu hesabatda hətta bir çox inkişaf etmiş ölkələrdən daha öndədir. Çox sevindirici haldır ki, ölkəmiz rəqabət qabiliyyəti indeksinə görə İtaliya kimi bir ölkəni üstələyib. Bütün bunlar birmənalı şəkildə Ulu Öndər siyasətinin davamçısı Cənab İlham Əliyevin həyata keçirtdiyi uğurlu iqtisadi siyasətin nəticəsidir.
- Ümumiyyətlə, iqtisadi sahədə əldə edilən əsas uğurlar hansılardır?
- Rəqabətlilik göstəricisi deyəndə ilk öncə ağıla ölkənin məhsuldarlığının təmin edilməsinə yönəldilmiş siyasətlər, institutlar, resurslar şəbəkəsi gəlir. Ölkənin gələcək iqtisadi inkişafı baxımından xüsusi önəm kəsb edən ən vacib məqam ölkəyə yatırılmış investisiyadan əldə edilmiş gəlirlərin yenidən ölkə iqtisadiyyatına investisiya yatırılmasıdır. Bu da ölkənin bütövlükdə iqtisadi artımının ən vacib drayveridir. Hesabatın tərkib hissəsi 3 blokdan 12 göstəricidən ibarətdir. Birinci blok əsas tələblər göstəricisidir ki, burada da Azərbaycan dünyada 44-cü yerdə, makroiqtisadi mühit göstəricisinə görə isə 8-ci yerdə qərarlaşıb. Ölkə başçısı demək olar ki, bütün nitqlərində ölkə iqtisadiyyatında makroiqtisadi sabitliyin təmin olunmasının vacibliyini vurğulayır və verilən tapşırıqlara uyğun olaraq yüksək səviyyədə zəruri tədbirlər həyata keçirilir. Məhz həyata keçirilən tədbirlərin nəticəsi olaraq Azərbaycan inflyasiya göstəricisinə görə dünyada birinci yerdədir. Son bir ildə bu göstərici 2,1 faizdir. Dövlət büdcəsinin həcmi ilbəil artmaqdadır. Bu olduqca yüksək iqtisadi göstəricidir. Maliyyə bazarının inkişaf etdirilməsi, xüsusilə dövlətimizin xarici borcunun ÜDM nisbəti göstəriciləri baxımından Azərbaycan ilk 20-lik ölkələri sırasındadır. Bundan başqa ölkədə həyata keçirilən irimiqyaslı infrastruktur layihələrinin reallaşmasında böyük miqdarda vəsait tələb edilməsinə baxmayaraq, bu proses uğurla davam etdirilir. Bir məsələni də xüsusilə diqqətə çatdırmaq istərdim ki, Azərbaycanda həyata keçirilən sənayeləşmə siyasətinin əsas məqsədi ölkə iqtisadiyyatının bütünlükdə modernləşdirilməsi və iqtisadiyyatın innovativ inkişaf trayektoriyasına çıxarılmasıdır. Hökumət tərəfindən xarici ölkələrdən ən qabaqcıl yüksək texnologiyalar gətirilir və istifadəyə verilir. Bu baxımdan da Azərbaycan dünyanın 148 ölkəsi arasında 51-ci yerə layiq görülüb. Əldə olunan uğurlarımızın sayı günbəgün, ilbəil artmaqdadır. Gələcəkdə rəqabət qabiliyyətli məhsul istehsalına zəmin yaradılacaq və qeyri-neft ixracının adambaşına beş dəfə artırılmasına nail olunacaq.
- Bütün bu uğurlar Azərbaycan üçün nələri vəd edir?
- Ölkənin bütün sahələrində, eyni zamanda iqtisadiyyatımızda əldə olunan uğurların səbəbi Cənab Prezidentin apardığı düzgün siyasət və iqtisadi siyasət kursuna verdiyi yüksək qiymətidir. Ölkəmizdə həyata keçirilən iqtisadi siyasət dünya iqtisadiyyatında baş vermiş qlobal iqtisadi böhrana baxmayaraq Azərbaycanın sosial iqtisadi uğurunu təmin edən siyasətdir. Bu siyasətin gələcək illərdə də davam etdirilməsi Azərbaycanın bu vaxta qədər əldə etdiyi uğurların daha da artırılmasını təmin edəcək. Ölkəmizdə əlverişli mühitin olması, enerji resurslarından səmərəli istifadə xarici investorların diqqətini cəlb edir. İnvestorların müdafiəsi baxımından Azərbaycan dünyada əlli ölkədən biridir. Hesab edirəm ki, gələcək illərdə ölkəmiz dünya hesabatlarında ən yüksək göstəricilərə nail olacaq.
İntizarə Məmmədova
Cahid Süleymanov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB