Lerikin 4 kəndinə ilk dəfə təbii qaz verilib

Lerikin 4 kəndinə ilk dəfə təbii qaz verilib

Respublikamızda reallaşdırılan uğurlu iqtisadi islahatlar Lerik rayonunun da sosial-iqtisadi inkişafına ciddi təsir göstərib. İyunun 29-da Lerik rayonun Hiveri, Qosmalian, Nuravud və Zərdəbərə kəndində ilk dəfə olaraq təbii qazın verilməsi ilə əlaqədar tədbir olub. Qosmalian kənd ərazi inzibati dairəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin, "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyevin, Milli Məclisin üzvü İqbal Məmmədovun, Lerik Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Rövşən Bağırovun, yerli hüquq mühafizə orqanları rəhbərlərinin, ziyalıların və kənd ictimaiyyəti nümayəndələrinin iştirakı ilə təbii qazın açılşı münasibətilə mərasim keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, tədbiri Qosmalian ƏİD nümayəndəsi Elxan Nurullayev açaraq açıb. Bildirib ki, son illərdə Lerik rayonunda tikinti-quruculuq, abadlıq işlərinin miqyası daha da genişlənib, bu işlər rayonun bütün ərazilərində böyük vüsətlə aparılır. İndiyə kimi Lerik şəhəri və rayonun 20 kəndi təbii qazla təmin olunub. Digər kəndlərə də qaz xətlərinin çəkilişi davam etdirilir. Prezident İlham Əliyevin 2012-ci il 3 aprel tarixli Sərəncamı ilə tikintisinə maliyyə vəsaiti ayrılmış Lerik-Qosmalian-Kəlvəz yolunun əksər hissəsi asfaltlaşdırılıb. Bu gün də rayonun4 kəndinə təbii qazın verilməsi ölkədə gedən sürətli iqtisadi inkişafdan xəbər verir. Ucqar dağ əhalisinə göstərilən diqqət və qayğıya görə E.Nurullayev cənab İlham Əliyevə, ARDNŞ-nin rəhbərliyinə öz minnətdarlığını bildirib.

Tədbirdə çıxış edən ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev istehlakçıların fasiləsiz və keyfiyyətli təbii qazla təchiz edilməsi, kənd və qəsəbələrin qazlaşdırılması məqsədi ilə görülən tədbirlərin gələcəkdə də davam etdiriləcəyini bildirib. Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, MM üzvü İqbal Məmmədov çıxışlarında göstəriblər ki, Regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramına uyğun olaraq Lerik şəhərinə yeni su xəttinin çəkilməsi və şəhərin kanalizasiya sisteminin yaxşılaşdırılması, həmçinin modul tipli elektrik stansiyasının tikintisi istiqamətində görülən işlər rayonun tarixində həyata keçirilən ən böyük sosial layihələrdir. Rayona göstərilən diqqətə görə sakinlər adından minnətdarlığlarını bildirən natiqlər, oktyabr ayında keçiriləcək prezident seçkilərində hamılıqla xalqımızın ən layiqli namizədi İlham Əliyevə səs verəcəklərini vürğulayıblar.

Tədbirdə qeyd edilib ki, 33 abonenti olan Hiveri kəndinin qazlaşdırılması üçün ikipilləli sistem əsasında ümumi uzunluğu 2358 metr olan müxtəlif diametrli polietilen borularla daşıyıcı və 2928 metr müxtəlif diametrli metal borularla məhəllədaxili qaz xətləri çəkilib, 33 sayğac və 1 qaztənzimləyici şkaf quraşdırılıb. 67 abonenti olan Qosmalian kəndinin qazlaşdırılması üçün ikipilləli sistem əsasında ümumi uzunluğu 1279 metr olan müxtəlif diametrli polietilen borularla daşıyıcı və 5788 metr müxtəlif diametrli metal borularla məhəllədaxili qaz xətləri çəkilib, 67 sayğac və 1 qaztənzimləyici şkaf quraşdırılıb. Ümumilikdə 124 abonentli olan Nuravud və Zərdəbərə kəndlərinin qazlaşdırılması üçün isə ikipilləli sistem əsasında ümumi uzunluğu 16042 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 124 ədəd sayğac və 2 ədəd qaztənzimləyici şkaf quraşdırılıb.

Açılış mərasimində çıxış edən kənd ağsaqqalları kəndlərin təbii qazla təchiz olunmasını ulu öndər Heydər Əliyevin yeni neft strategiyasının uğuru kimi qiymətləndirib Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiribər.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə