Rövnəq Abdullayev: “Azərbaycanın 2 trilyon kubmetr qaz ehtiyatı var”
Bu gün "Şahdəniz" konsorsiumunun Azərbaycan qazının Avropa bazarına nəqli layihəsinin rəsmi elan olunmasına həsr edilmiş mərasim keçirilib. SİA-nın məlumatına görə, tədbirdə ARDNŞ-in prezidenti Rövnəq Abdullayev, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell, Sənaye və Energetika naziri Natiq Əliyev, ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstar, Avropa İttifaqı nümayəndəliyi başçısının müavini Toralf Pilts, Böyük Britaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Adrian Li və TAP-ın icraçı direktoru Kjetli Tunqland iştirak edib. Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev tədbirdəki çıxışında bildirib ki, Azərbaycanda hasil olunan təbii qazın Avropaya çatdırılması ideyası yalnız "Şahdəniz" layihəsi ilə məhdudlaşmayacaq: "Azərbaycan TAP (Trans Adriatic Pipeline) kəmərinin marşrutunu seçməklə özünün Avropanın enerji təchizatçısına çevrilməsi üçün mühüm addımlardan birini atıb. Azərbaycanın təsdiq olunmuş 2 trilyon kubmetr həcmində qaz ehtiyatları var. Azərbaycanın seçdiyi TAP layihəsi Avropanın enerji xəritəsini dəyişəcək və əməkdaşlıq üçün yeni imkanlar açacaq. Azərbaycan gələcəkdə Avropanın digər enerji layihələrində də iştirak edəcək. Xəzərin qaz potensialı genişdir və 2020-ci ilədək əlavə qaz dəhlizlərinə ehtiyac yaranacaq".
ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstar isə, "Şahdəniz" konsorsiumuna və TAP layihəsinə qoşulan ölkələri təbrik edib. Səfirin sözlərinə görə, ABŞ layihə seçimində neytral mövqedən çıxış edir və Azərbaycan qazının Avropa bazarına daha az həcmdə nəql etmək imkanına malik TAP layihəsini dəstəkləyəcək. Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev isə qeyd edib ki, TAP (Trans Adriatic Pipeline) layihəsi rentabellik, təhlükəsizlik, səmərəlilik və kommersiya aspektləri baxımından yaxşı seçimdir: " "Şahdəniz-2" layihəsinin icrası isə Azərbaycan, Gürcüstan və Türkiyə iqtisadiyyatının daha da inkişaf etməsinə və əlavə sərmayə qoyuluşlarına səbəb olacaq. Türkiyə hazırda Azərbaycandan ildə 6 milyard kubmetr həcmində qaz alır, sonradan isə bu rəqəm 12 milyard kubmetrə çatdırılacaq. Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin ötürmə qabiliyyəti 8 milyard kubmetrdən 14 milyard kubmetrə qədər artırılacaq. Gələcəkdə Azərbaycanın ümumi qaz ixracı potensialı 60 milyard kubmetrə çatacaq. Yaxın 10 ildə Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşları əhəmiyyətli dərəcədə artacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə