"Bakı-Tbilisi-Ceyhan neft kəmərinin fəaliyyətinin dayandırılması gözlənilən deyil" İqtisadçı ekspert

"Bakı-Tbilisi-Ceyhan neft kəmərinin fəaliyyətinin dayandırılması gözlənilən deyil" İqtisadçı ekspert

"Bakı-Tbilisi-Ceyhan neft kəməri xüsusi müqavilələrin imzalanması nəticəsində reallaşıb. Suriya və Türkiyə arasında baş verən hadisələr münasibətlərin daha da kəskinləşməsinə yol açsa belə, adı çəkilən neft kəmərinin fəaliyyətinin dayandırılması çox kiçik ehtimaldır". Bunu SİA-ya açıqlamasında iqtisadçı ekspert Azər Mehdiyev Türkiyə və Suriya arasında son günlər baş verən hadisələrin Bakı-Tbilisi-Ceyhan neft kəmərinin fəaliyyətinə təsiri məsələsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu neft kəmərinin davamlı olaraq istifadə edilməsində xüsusilə Avropanın maraqlı olduğu məlumdur və bu səbəbdən də Bakı-Tbilisi-Ceyhan neft kəmərinin hər hansısa bir təhlükədən qorunacağı şübhəsizdir.

"Bakı-Tbilisi-Ceyhan Azərbaycan üçün də çox önəmli bir boru kəməridir. Ölkədə hasil olunan neftin əsas hissəsi əsrin müqaviləsi çərçivəsində məhz bu boru kəməri vasitəsilə dünya bazarına ixrac olunur. Təbii ki, əgər Azərbaycan neft ixrac edə bilməsə bu, ölkəyə daxil olan neft gəlirlərinin kəskin şəkildə azalması ilə nəticələnəcək. Eyni zamanda kəmərin fəaliyyətinin dayandırılması "Əsrin müqaviləsi"ndə iştirak edən xarici şirkətlərin hasil etdiyi neftin dünya bazarına çıxarılmasının qarşısını alacaq. Bu neft kəmərindən neftin ixracının dayandırılmsı dünyanın neft bazarına da öz təsirini göstərəcək"-deyə ekspert əlavə edib.

Azər Mehdiyev Bakı-Tbilisi-Ceyhan neft kəmərinin fəaliyyətinin dayandırılması şəraitində Azərbaycanla Suriya və Azərbaycanla Türkiyə arasındakı iqtisadi əlaqələrin vəziyyəti barəsində də məlumat verib: "Azərbaycanla Suriya arasındakı iqtisadi əlaqələrin həcmi kiçikdir və baş verəcək hadisənin əlaqələrə təsiri ehtimalı çox azdır. Kəmərin fəaliyyətinin dayandırılmasının Azərbaycan-Türkiyə iqtisadi münasibətlərinə mənfi təsir etməsi isə inandırıcı deyil. Əksinə, bu hadisə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin fəaliyyətinin dayandırılmasından sonra kəmərin bərpası üçün iki ölkə arasındakı əlaqələrin daha da güləndirilməsinə gətirib çıxaran bir amil ola bilər. Ümumilikdə isə məlum neft kəmərindən istifadənin dayandırılması kəmərdə baş verə biləcək partlayış nəticəsində ola bilər. Neft kəməri strateji obyektdir və onun fəaliyyətinin hər hansısa bir müharibənin başlanması ilə əlaqədar dayandırılması gözlənilən deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə