Azərbaycan-Latviya iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının iclası keçirilib

Azərbaycan-Latviya iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının iclası keçirilib

Azərbaycan-Latviya iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının iclası keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə iştirak edən komissiyanın həmsədri Latviyanın nəqliyyat naziri Anrijs Matiss ölkəsindəki iqtisadi vəziyyət haqqında məlumat verərək bildirib ki, Latviya Azərbaycanla iqtisadi əlaqələri genişləndirmək niyyətindədir və ikitərəfli ticarət dövriyyəsinin artırmasında maraqlıdır: "Avropada davam edən maliyyə böhranının Latviyaya təsiri azalıb və 2010-cu ildən etibarən ölkədə iqtisadi artım bərpa olunub. Bu il ölkəmizdə iqtisadi artımın 4% olacağı gözlənilir. Ölkələrimiz arasında ticarət dövriyyəsi 24,5 mln. avro təşkil edir. Bunun da 20,8 mln-u Latviyadan Azərbaycana, 3,7 mln-u isə Azərbaycandan Latviyaya göndərilən malların payına düşür. Azərbaycandan Latviyaya ixrac olunan malların 90%-ni mineral məhsullar və qida malları təşkil edir. Latviyadan Azərbaycana göndərilən məhsulların 90%-ni isə heyvandarlıq məhsulları və kimya məhsulları təşkil edir.

Latviyalı nazir Azərbaycanla iqtisadi əlaqələrin genişləndirilməsi məqsədilə iki ölkənin sahibkarları arasında əməkdaşlığın gücləndirilməsini, o cümlədən, birgə müəssisələrin yaradılmasını təklif edib.

Tədbirdə çıxış edən Nəqliyyat naziri Ziya Məmmədov Azərbaycanda aparılan tikinti işlərindən danışıb. Bildirib ki, son 5 ildə Azərbaycanda respublika və yerli əhəmiyyətli avtomobil yollarının, eləcə də digər nəqliyyat infrastrukturu obyektlərinin yenidən qurulmasına 11,6 mlrd. ABŞ dolları həcmində investisiya yatırılıb: "Təkcə 2012-ci ildə bu sahəyə 3,3 mlrd. dollar vəsait yönəldilib ki, bu da ümumi investisiyaların 16,8%-ni təşkil edir".

Nazir qonağa Azərbaycanın tranzit ölkə kimi potensialının artaması haqqında da məlumat verib: " Son illər Azərbaycanın tranzit potensialının artırılması üçün yeni layihələr həyata keçirilir. Şəhər nəqliyyat sisteminin idarə olunmasında innovasiyalar tətbiq olunur. O cümlədən, Bakı-Tblisi-Qars dəmir yolunun və yeni Bakı Beynlxalq Dəniz limanının tikintisi davam edir".

Bundan əlavə nazir vurğulayıb ki, qarşıdakı illərdə yol nəqliyyat kompleksində daha böyük layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Xüsusilə, Bakıda keçiriləcək I Avropa Olimpiya Oyunları ilə əlaqədar olaraq paytaxtın nəqliyyat infrastrukturunun yenilənməsi məqsədilə işlər həyata keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə