2014-2018-ci illəri əhatə edəcək yeni Dövlət Proqramı hazırlanır
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş Konfransda dövlət başçısı tərəfindən iqtisadiyyatın müxtəlif sahələri üzrə - sənayeləşmə siyasəti, kənd təsərrüfatının intensiv inkişafının təmin edilməsi, aqrar sahədə yeni texnologiyaların tətbiqi, ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsi, sahibkarlığın inkişafı və s. istiqamətlərdə bir sıra tapşırıqlar verilmişdir. İqtisadi İnkişaf Nazirliyindən SİA-ya verilən məlumata görə, Qazaxda Nazirliyin təşkilatçılığı ilə dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrasına həsr olunmuş tədbir keçirilib. Tədbirdə Gəncə-Qazax iqtisadi rayonu üzrə yerli icra hakimiyyətlərinin, İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri və sahibkarlar iştirak ediblər. Ölkə regionlarının sosial-iqtisadi inkişafına dair film nümayiş olunduqdan sonra Qazax rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov dövlət başçısının diqqət və qayğısı nəticəsində regionların sürətlə inkişaf etdiyini, müasir texnologiyalara əsaslanan yeni müəssisələrin yaradıldığını və məşğulluq səviyyəsinin artdığını vurğulayıb, bölgələrin sosial-iqtisadi inkişafında regional dövlət proqramlarının xüsusi rolunu qeyd edib: ""Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın uğurlu icrası regionların sosial-iqtisadi mənzərəsinin dəyişməsində mühüm əhəmiyyət kəsb edir".
İqtisadi İnkişaf Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov bildiribki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş Konfransda dövlət başçısı proqramın icrasının 2013-cü ilin sonuna qədər tam və keyfiyyətli icrasının təmin olunması məqsədilə dövlət qurumları, o cümlədən İqtisadi İnkişaf Nazirliyi qarşısında mühüm vəzifələr müəyyənləşdirib: "Ölkə başçısı çıxışında infrastruktur layihələrinin, xüsusilə bütün kənd yollarının əsaslı təmiri və yeni yolların tikintisi, su və kanalizasiya sahəsində layihələrin həyata keçirilməsi, çaylarboyu kəndlərdə modul tipli sutəmizləyici qurğuların quraşdırılması, su anbarlarının tikintisinin davam etdirilməsi, əhalinin qaz və elektrik enerjisi təchizatının daha da yaxşılaşdırılması, o cümlədən alternativ enerji mənbələrindən - günəş-külək enerjisindən daha geniş istifadəni, çaylarda kiçik həcmli su elektrik stansiyalarının tikintisinin davam etdirilməsini prioritet kimi müəyyənləşdirmişdir. Qeyri-neft sektorunun inkişafı, o cümlədən iri taxılçılıq, müasir heyvandarlıq və südçülük təsərrüfatlarının yaradılması, meliorasiya işlərinin diqqətdə saxlanılması, mal-qaranın cinsinin yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi də əsas istiqamətlər kimi müəyyən edilmişdir. Bu vəzifələrin icrası iqtisadi inkişafın daha da sürətlənməsinə, regionlarda mövcud problemlərin həll olunmasına, məşğulluğun artırılmasına səbəb olacaq".
Sahib Məmmədov çıxışında hazırda yerli və mərkəzi icra hakimiyyətlərinin təklifləri əsasında 2014-2018-ci illəri əhatə edəcək yeni regional Dövlət Proqramının hazırlandığını qeyd edib. İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev, AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru İsa Alıyev ölkənin təbii və əmək potensialından səmərəli istifadə etməklə regionların, eyni zamanda qeyri-neft sektorunun sürətli inkişafının təmin edilməsi üçün elmi araşdırmaların zəruriliyini qeyd edib, bu sahədə həyata keçirilən tədqiqat işlərinin istehsalata tətbiqinin səmərəliliyi barədə məlumat veriblər.
Tədbirdə Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının baş katibi Məmmədəli Əfəndiyev çıxış edərək ölkənin dinamik iqtisadi inkişafında, dövlət proqramlarından irəli gələn vəzifələrin icrasında və sosial məsələlərin həllində sahibkarların yaxından iştirak etdiyini bildirib, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi və ixracyönümlü məhsul istehsalına nail olmaq üçün sahibkarların işgüzar fəallığının artırılmasının zəruriliyini vurğulayıb. Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov və Xarici ticarət siyasəti və ÜTT şöbəsinin əməkdaşı Elnur Abbasov çıxışlarında "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda Gəncə-Qazax iqtisadi rayonu, o cümlədən Qazax rayonu üzrə sahibkarlığın prioritet inkişaf istiqamətləri və milli istehsalçıların xarici bazarlara çıxış imkanları barədə məlumat veriblər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB