Nazir nə tələb edir?

"Bütün rayon icra başçılarına Kənd Təsərrüfatı Nazirliyinin tərkibində yaradılan dövlət komissiyası tərəfindən müraciət olunub ki, icra hakimiyyətlərindən Kənd Təsərrüfatı Nazirliyinə daxil olunan sənədlərdə şəffaflıq tam təmin olunsun". SİA-nın məlumatına görə, jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri İsmət Abasov belə deyib.

Onun sözlərinə görə, prezident "Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının IV ilinin yekunlarına həsr olunmuş müşavirə"dəki nitqində bildirib ki, subsidiyaların verilməsində nöqsanlar mövcuddur. Kənd Təsərrüfatı Nazirliyi də bu nöqsanların aradan qaldırlıması üçün kollegiya iclası keçirib və orada işçi qrupu yaradıb: "Bildiyiniz kimi, subsidiyalar Nazirlər Kabinetinin qaydalarına uyğun olaraq yerlərdə yerli komissiyalar əkilmiş sahələrlə bağlı məlumatları toplayır və yerli rayon icra hakimiyyəti orqanlarına təqdim edir. Adı çəkilən dövlət strukturunun da aqrar məsələlər üzrə müavini yerli komissiyasının göndərdiyi sənədləri təsdiqləyir. Sənədlər rayon icra başçısının imzası və möhürü ilə Kənd Təsərrüfatı Nazirliyinin tərkibində yaradılan dövlət komissiyasına daxil olur. Dövlət komissiyası da 10 gün müddətində bu sənədlərin düzgün tərtib olunumasına nəzarət etdikdən sonra həmin sənədləri Maliyyə Nazirliyinə təqdim edir. Vəsaitlər sənədlərə uyğun olaraq Maliyyə Nazirliyindən ayrılaraq banklara göndərilir. Daha sonra ayrılmış vəsaitlər sahibkarlara verilir".

Nazir qeyd edib ki, subsidiyaların ayrılmasında və sahibkarlara təqdim olunmasında nöqsanların olduğundan xəbərdardır: "Əlbətdə mən də bilirəm ki, burada müəyyən çatışmazlıqlar mövcuddur. Subsidiyaların bəzən məqsəddən kənar işlər üçün istifadə olunması ilə bağlı mənim də məlumatım var. Bunun qarşısının alınması üçün mən Azərbaycan Respublikası Prezident Adminstrasiyasına müvafiq məktubla müraciət etmişəm. Müraciətdə bildirmişəm ki, Prezident Adminstrasiyası hazırlanıb göndərilən sənədlərin tam şəffaf olması üçün bütün rayon icra hakimiyyətlərinə tapşırıq versin. Eyni zamanda ayrılan vəsaitlər şəffaflıqla öz sahiblərinə çatdırılsın".

Nazir bildirb ki, ümumilikdə bu sahə ciddi nəzarətə götürülüb: "Biz göstəriş vermişik ki, "Kənd təsərrüfatının inkişaf strategiyası" yenidən tərtib olunaraq dövlət başçısına təqdim olunsun. Təbii ki, bu məsələdə yerli icra hakimiyyəti orqanlarının və fermerlərin fikirləri də nəzərə alınacaq. Bizim işçi qrupumuz da bu barədə rayon icra hakimiyyətlərinə məlumat verib. Artıq onlardan nazirliyə müəyyən məlumatlar daxil olur. Bütün məlumatlar toplandıqdan sonra nazirliyin kollegiya iclasında bu məsələ geniş müzakirə olunacaq. Dövlətin digər müvafiq strukturları ilə razılaşdıqdan sonra "Kənd təsərrüfatının inkişaf strategiyası" ölkə rəhbərinə təqdim olunacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə