Gələn ay “Azərspace-1” peyki orbitə çıxarılacaq

Paskal Mönye: "Fransa tərəfi bundan sonra da Azərbaycanın peyk sənayesinin inkişafına öz töhfəsini verəcəkdir"
Gələn ay “Azərspace-1” peyki orbitə çıxarılacaq

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Fransanın ölkəmizdəki səfiri Paskal Mönye ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, görüşdə Azərbaycan və Fransa arasında informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub, "Azərspace-1" telekommunikasiya peykinin bu ilin fevralında orbitə çıxarılacağı qeyd olunub. Bildirilib ki, peyk Cənubi Amerikada Fransa Qvianasında yerləşən "Kuru" kosmodromundan bu ölkənin "Arianespace" şirkətinin "Ariane-5" raket daşıyıcısı ilə orbitə çıxarılacaqdır.

Telekommunikasiya peykinin Azərbaycanın gələcək inkişafında mühüm rol oynayacağını vurğulayan Paskal Mönye Fransa tərəfinin bundan sonra da Azərbaycanın peyk sənayesinin inkişafına öz töhfəsini verəcəyini bildirib.

Səfir fransız şirkətlərinin ötən il olduğu kimi, bu il də "BakuTel-2013" XVIII Beynəlxalq sərgisində milli pavilyonla təmsil olunacağını bildirib. Paskal Mönye Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin yeni mərhələyə qədəm qoyması məqsədi ilə iyun ayında Brüsseldə keçirilməsi nəzərdə tutulan "Avropa-2020 - Azərbaycan-2020" adlı konfransda Fransanın da fəal iştirak edəcəyini qeyd edib.

Əli Abbasov fransız şirkətləri ilə əməkdaşlığın hər iki ölkə üçün faydalı olacağını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə