"BTQ-nin inşasında dəyişikliklərin olmasından söhbət gedə bilməz"

“Qarsdan Naxçıvana dəmir yolunun çəkilməsi nəzərdə tutulur”
"BTQ-nin inşasında dəyişikliklərin olmasından söhbət gedə bilməz"

"Azərbaycan, Gürcüstan və Türkiyənin dəmiryol sisteminin birləşdirəcək Bakı- Tbilisi- Qars dəmir yolunun inşası ilə bağlı bütün işlər qaydasındadır. Dövlətlər arasında sazişlər imzalanıb və prezidentlər bu işə öz razılıqlarını verib". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov Gürcüstanın baş naziri Bidzina İvanaşvilinin yaydığı bəyanatlara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, BTQ-nin inşasında heç bir dəyişikliklərin olmasından söhbət gedə bilməz: "Bəzi narazılıqlar ola bilər. Bütün bunlara baxmayaraq, işlər davamlı şəkildə həyata keçirilir. Hazırda Gürcüstan hissəsində havalar sərt keçdiyinə görə, işlərimizi daxildə keçiririk. Bu günə qədər 6 km yol Qarsaxidən Axalkalaki kimi yollar inşa edilib".

Artıq 3 qurum elementlərinin qurulduğunu və stansiya yollarının çəkildiyini deyən N. Əzməmmədov vurğulayıb ki, tuneldə də işlər davam etdirilir: "Bundan əlavə, qarşıda hələ 3 mərhələli iş var. İlkin mərhələ artıq yekunlaşıb. Layihəyə uyğun olaraq yeni körpülər tikilib və işlərimiz müəyyən olunmuş istiqamətdə davam edir. Hazırda 20-ə yaxın yeni qatarların alınması ilə bağlı danışıqlar gedir. Onların da təkər cütləri Avropaya keçəndə avtomatik olaraq yığılır. Əks istiqamətdə gələndə isə təkərlər genişlənir. Hesab edirəm ki, qrafik üzrə də işləri başa vuracağıq".

Bakı Tbilisi Qars dəmir yolunun davamı olaraq Naxçıvan ərazisindən keçib keçməməsi məsələsinə aydınlıq gətirən qurum rəsmisi bildirib ki, bu gələcəyin işidir: "Azərbaycan Dəmir yolları Qapalı Səhmdar cəmiyyəti bu istiqamətdə işlər görür. BTQ dəmir yolu bitdikdən sonra Qarsdan Naxçıvana dəmir yolunun çəkilməsi nəzərdə tutulur. Bununla bağlı, danışıqlar gedir. İlk növbədə axtarış işləri aparılır və bu məsələ ilə bağlı layihə hazırlanır. Təbii ki, Türkiyə tərəfi öz ərazisində hüquqi işlər aparırlar. Biz də öz ərazimizdə lazımı addımları atırıq. Gələcəkdə bu yolun çəkilməsi fikrindəyik".

Mətbuat xidmətinin rəhbəri həmçinin qeyd edib ki, dəmiryolunun tikintisi 2013-cü ilin sonuna kimi yekunlaşacaq: "Gələn il üçün isə işçi qatarların hərəkəti başlayacaq. 2014-cü ildə BTQ tam olaraq istifadəyə veriləcək".

Qeyd edək ki, 2007-ci ilin noyabr 21-də Gürcüstanın Marabda kəndində Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin tikintisinin təməli qoyulub. Bakı-Tbilisi-Qars (BTQ) planlaşdırılmış dəmiryolu layihəsidir. Dəmiryolu xətti Bakıdan Gürcüstanın Tbilisi və Axalkalakiyə, oradan da Türkiyənin Qars şəhərinə gedəcək. Bu dəmiryolu Azərbaycanla Türkiyəni birləşdirəcək. BTQ Azərbaycan üçün həm siyasi, həm iqtisadi, həm də strateji baxımdan böyük bir əhəmiyyət daşıyır. Dəmiryolu vasitəsi ilə Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa gediş əldə edəcək. Dəmiryolu ilə bir günə Qarsa və iki gün yarıma İstanbula getmək mümkün olacaq. Dəmiryolu xəttinin tikintisinə 2005-ci ildə başlanması nəzərdə tutulsa da, həmin dövrdə maliyyə mənbələrinin olmaması tikintinin başlanmasını ləngidib. Layihənin 2010-cu ildə bitməsi planlaşdırılsa da, 2008-ci ilin yayında baş vermiş Rusiya-Gürcüstan müharibəsi və qlobal maliyyə böhranı layihənin həyata keçirilməsini ləngitdi. Buna baxmayaraq, işlər davam etdirilir və 2014-cü ildə tikintinin tam başa çatması gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə