Müəssisələrin restrukturizasiyası, müflisləşməsi və ləğv edilməsi vasitəsi ilə özəlləşdirilməsi sahəsində beynəlxalq təcrübə öyrənilir
Əmlak Məsələləri Dövlət Komitəsi qarşısında qoyulmuş vəzifələrin icrası, o cümlədən dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi, bu sahəyə investisiyaların cəlb edilməsi, müəssisələrin özəlləşdirməqabağı restrukturizasiyası və sağlamlaşdırılması, daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın dövlət reyestrinin aparılması və vahid kadastrın tərtib edilməsi sahələrində işlərin daha da təkmilləşdirilməsi ilə bağlı müntəzəm olaraq müvafiq tədbirlər həyata keçirir. SİA-nın məlumatına görə, komitənin vəzifə və funksiyalarına aid ayrı-ayrı sahələrdə inkişaf etmiş ölkələrin təcrübələrinin öyrənilməsi, habelə komitə əməkdaşlarının bu sahədə biliklərinin daha da artırılması məqsədi ilə beynəlxalq qurumlarla əməkdaşlıq və təcrübə mübadiləsinin həyata keçirilməsi istiqamətində işlər aparılır. Bu istiqamətdə Komitənin Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) ilə davamlı əməkdaşlığı mühüm yer tutur.
Bu əməkdaşlıq əlaqələri çərçivəsində 6 noyabr 2012-ci il tarixində Cəlilabadda komitənin regional qurumlarının əməkdaşları üçün müəssisələrin özəlləşdirmə qabağı restrukturizasiyası, habelə dövlət müəssisələrinin müflis elan olunması və ləğv edilməsi vasitəsilə özəlləşdirilməsi üzrə xarici ölkələrin təcrübəsinə həsr edilmiş seminar keçirilib.
Tədbir komitənin Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) və Almaniyanın federal dövlət əmlakının özəlləşdirilməsinə məsul olan qurumu ilə əməkdaşlıq çərçivəsində təşkil edilib.Seminarda bu sahədə beynəlxalq təcrübəyə malik xarici ekspertlər olan GTZ-in layihə rəhbəri cənab Vulf Şmider öz təcrübəsi ilə bölüşüb.
Almaniyalı ekspert çıxış edərək bir sıra Avropa ölkələrinin, xüsusən də Almaniyada mövcud olan təcrübələrə əsasən özəlləşdirməyə açılmış müəssisələrin restrukturizasiyası, habelə özəlləşdirmə zamanı müəssisələrin müflis elan olunması və ya ləğv edilməsi yolu ilə satılması üsullarından geniş məlumat verib. Belə ki, belə üsullarla özəlləşdirmənin məqsədəuyğun olduğu hallar, bu üsulların tətbiqinin müsbət cəhətləri barədə beynəlxalq təcrübələr barədə məlumat verilib. Ekspert qeyd edilən istiqamətdə Almaniyada və digər Avropa ölkələrində toplanılmış təcrübəni ətraflı şərh edib. Eyni zamanda, özəlləşdirmənin gedişində iflas və ləğv etmə metodları arasında seçim edilməsi ilə bağlı məsələlərin həlli, müəssisələrin ləğvinə hazırlığın aparılması qaydaları izah edilib.
Seminarda konkret nümunələr əsasında müəssisələrin restrukturizasiyası planlarının hazırlanması və həyata keçirilməsi, müəssisələrin ləğvi prosesinin təşkili və qalıq əmlakın qiymətləndirilməsi metodları açıqlanıb. Seminarın gedişində özəlləşdirmə qabağı restrukturizasiya, dövlət müəssisələrinin müflis elan olunması və ləğv edilməsi üsulları ilə özəlləşdirilməsi sahəsində Avropa ölkələrində toplanılmış təcrübənin ölkəmizdə istifadə edilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda iştirakçılara sertifikatlar verilib. Qeyd edək ki, komitə bundan sonra da müvafiq istiqamətlər üzrə beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsini davam etdirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB