Sovet dövründən qalma əmanətlərin 39 faizi qaytarılıb
Sovet dövründən qalma əmanətləri alan zaman istədiyiniz qiyməti qoya bilməzsiniz. Burada müəyyən olunmuş qaydalar var. Bu qaydalara əsasən, əmanətlərin artıq 39 faizi qaytarılıb. Lakin bəzi problemlərlə üzləşənlər də var.
Azərbaycan prezidentinin 14 mart tarixli fərmanına əsasən, keçmiş əmanətçilərə fərdi birdəfəlik ödəmələrin verilməsi artıq 5-ci aydır ki davam etdirilir. Maliyyə Nazirliyinin rəsmi saytında verilən məlumata görə, hazırda əmanətlərin 39 faizi qaytarılıb.
Aradan uzun illər keçdiyindən, indiyə qədər əmanət kitabçasını itirən və ya sənədləri korlanıb yararsız vəziyyətə düşmüş vətəndaşlar da var. Bəs bu vətəndaşlar öz əmanətlərini geri almaq üçün nə etməlidirlər?
"Kapital Bank"ın rəsmi saytına istinadən deyə bilərik ki, bu cür problemlərlə qarşılaşmış vətəndaşlar bankın ərazi məntəqələrinə müraciət etməlidirlər. Hazırda Bakıda 3, Naxçıvan, Gəncə, Sumqayıt şəhərlərinin hər birində 1 xüsusiləşmiş məntəqələr yaradılıb. Digər rayon və şəhərlərdə isə ərizələr birbaşa bankın yerli filialına təqdim edilməlidir.
Bəzən isə əmanətçi özü vəfat etdiyindən əmanətçinin qohumları arasında bankda qalmış əmanətin alınması ilə bağlı müəyyən suallar ortaya çıxır. Bu vətəndaşlar banka müraciət etməzdən əvvəl ilk öncə yaşadıqları ərazinin notariusuna müraciət etməlidir. Yerli notarius vətəndaşın vərəsəlik hüququnu təsdiq etdikdən sonra banka bu müraciətlə bağlı sorğu göndərir. Sonradan bu barədə bankın məlumat bazasında vəfat etmiş vətəndaşın hesabında əmanətin olub-olmadığı araşdırılır. Əgər bu, öz təsdiqini taparsa, bank əmanətlərin qaytarılması ilə bağlı xüsusi komissiyaya təklif verir. Bundan sonra isə xüsusi komissiya həmin şəxsə bu kitabçanı əvəz edən sənəd verir.
Əmanətlərin verilməsi ilə bağlı əsas problem isə vətəndaşın 1 deyil, bir neçə hesabı olan zaman ortaya çıxır. Belə olan hallarda vətəndaşlar çox zaman aldadıldıqlarını düşünür və əmanətin az qaytarıldığını iddia edir. Lakin bankın saytında o da bildirilir ki, əmanətlərin qaytarılması hesablar üzrə deyil, birbaşa vətəndaşların özlərinə verilir.
Misal üçün əgər vətəndaş bir hesabında olan əmanəti götürür. Üstündən bir müddət keçdikdən sonra digər hesabında olan əmanəti götürdükdə isə bu əmanət ona əvvəl aldığı əmanətin həcmi də nəzərdə tutularaq qaytarılır. Yəni əmanət hesabı tək-tək deyil, ümumilikdə hesablanaraq qaytarılır. Bu zaman əvvəl aldığı əmanət də nəzərə alınaraq faiz ikinci hesabda tutulur.
Xatırladaq ki, fərdi birdəfəlik ödəmələrin verilməsi üçün sənədlərin qəbulu 31 dekabr 2012-ci il tarixinə qədər, ödəmələrin verilməsi prosesinin özü isə 31 dekabr 2013-cü ilə qədər davam etdiriləcək. Lakin fərmana əsasən ödəmələrin verilməsi müddəti uzadıla da bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB