Dünya Bankı ilə Ədliyyə Nazirliyi arasında yeni kredit sazişi imzalanıb

Dünya Bankı ilə Ədliyyə Nazirliyi arasında yeni kredit sazişi imzalanıb
Dünya Bankı ilə Azərbaycan Ədliyyə Nazirliyi arasında yeni kredit sazişi imzalanıb.Bu barədə SİA-ya Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, Dünya Bankı ilə Ədliyyə Nazirliyinin birgə həyata keçirdiyi "Ədliyyə sisteminin müasirləşdirilməsi" layihə çərçivəsində 20-dən çox yeni məhkəmə binaları və komplekslərin layihələri hazırlanıb. Oğuz rayonunda yeni inşa edilən məhkəmə binası ölkə başçısının iştirakı ilə istifadəyə verilib. Habelə, müxtəlif regionlarda bir sıra yeni məhkəmə binalarının inşası başa çatmaq üzrədir.

Yeni imzanmış sazişə əsasən məhkəmələrin və məhkəmə komplekslərinin tikintisi, məhkəmə qərarlarının icrası işinin təkmilləşdirilməsi, Ədliyyə Akademiyasının potensialının gücləndirilməsi və digər tədbirlərin həyata keçirilməsinə start verilib.
Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Dünya Bankının Azərbaycan üzrə meneceri Cozef Ouen və layihənin yeni rəhbəri Amit Muherji ilə görüşdə Dünya Bankı ilə səmərəli əməkdaşlıq etdiklərini vurğulayıb. F. Məmmədov bu layihənin mühüm əhəmiyyətini qeyd edib. Azərbaycanda hakimlərin seçimi prosesindən danışan F.Məmmədov bu prosedurun Avropa Şurası və Avropa İttifaqı tərəfindən müsbət model kimi qiymətləndirildiyini və bunun digər dövlətlərə örnək kimi tövsiyə edildiyini bildirib.

C. Ouen öz növbəsində ədliyyə sahəsində qarşılıqlı fəaliyyəti yüksək qiymətləndirib, bu layihənin uğurlu və səmərəli icra olunan layihələrdən biri olduğunu qeyd edib.
Qonaqlar Azərbaycanın hüquqi nailiyyətlərini təqdir edərək, məhkəmə infrastrukturunun müasirləşdirilməsi ilə bağlı ölkəmizin müsbət təcrübəsini artıq digər dövlətlərə yayılmasının əhəmiyyətini vurğulayıblar.
Görüşdə, həmçinin əməkdaşlıq məsələləri və layihənin icrası üzrə görüləsi tədbirlər müzakirə edilib

Bütün xəbərlər Facebook səhifəmizdə