Səlim Müslümov: 2012-ci ildə prioritet pensiya təyinatının avtomatlaşdırılması olacaq

Səlim Müslümov: 2012-ci ildə prioritet pensiya təyinatının avtomatlaşdırılması olacaq

2011-ci ildə Dövlət Sosial Müdafiə Fondunun xərcləri 2 milyard 118 milyon manat olub. SİA-nın xəbərinə görə, bunu DSMF-nin sədri Səlim Müslümov Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, pensiya və müavinətlərin maliyyələşdirilməsinə 2 milyard 66 milyon manat xərclənib ki, bu da əvvəlki ilə nisbətən 362 milyon manat çoxdur. Bu məbləğin 2 milyard 11 milyon manatı bilavasitə pensiyaların, 55 milyon manatı isə müavinətlərin ödənişinə sərf olunub.

Görülən tədbirlər nəticəsində 2011-ci ildə sosial sığorta sistemində fərdi uçotun tətbiq dairəsi daha da genişlənib. Fərdi uçot sistemində şəxsi hesabı olan sığortaolunanların sayı ilin əvvəli ilə müqayisədə 166,3 min nəfər, o cümlədən muzdla işləyənlər üzrə 114 min 633 nəfər artıb və beləliklə, fərdi uçot sistemində qeydə alınan şəxslərin sayı 1 milyon 967 min nəfərə çatıb.

Əgər 2011-ci ildə sistem üçün əsas vəzifə pensiya təminatının bütün pensiyaçılar üçün vahid sistemə gətirilməsi idisə, 2012-ci ildə prioritet pensiya təyinatının avtomatlaşdırılması olacaq. Bu sahədə əsas problem 2006-cı ilə qədər qazanılan pensiya hüquqlarının qiymətləndirilməsi ilə bağlı idi. Lakin son islahatlar bu hüquqların sadə hesablamalarla yeni şəraitə transformasiya olunmasına, yəni həmin dövr üçün pensiya kapitalının müəyyənləşdirilərək vətəndaşların fərdi hesablarına yazılmasına və həmin hesablardakı məbləğin onların bütün əmək fəaliyyəti dövrlərini əhatə etməsinə imkan verib. Bu məqsədlə fərdi uçot sistemində qeydiyyatda olan 1 milyon 967 min nəfərin 2006-2010-cu illərə görə ödənilmiş sosial sığorta haqlarının fərdi hesablara işlənməsinə paralel olaraq, həmin şəxslərin 2006-cı ilə qədər topladıqları staja görə pensiya kapitallarının təyin olunması prosesi də artıq başa çatdırılmaqdadır.

Bütün xəbərlər Facebook səhifəmizdə