“SOCAR Yay Məktəbi – 2011” iştirakçıları Bibiheybətdə və “Ekoloji park”da olublar
"SOCAR Yay Məktəbi – 2011"-in 3-cü günü, sentyabrın 3-də neftin hasilatı və yataqların istismarı mövzularında məşğələlər keçirilib. SİA-nın xəbərinə görə, ARDNŞ-nin Baş ofisinin Xaricilərlə birgə aparılan kəşfiyyat və yataqların işlənməsinə geoloji-texnoloji nəzarət şöbəsinin rəisi Şaiq Bəkirov və Neft və qaz yataqlarının işlənməsi şöbəsinin geoloqu Araz Qocayevin "Qazma və qazmanın strategiyası", "Neft və qaz yataqlarının işlənməsi" mövzusularında mühazirələri dinlənilib. Sonra Şirkətin xarici təqaüd proqramının məzunları - Baş ofisin Neft və qaz şöbəsinin mühəndisi İqbal Xançıqazov və Azneft İstehsalat Birliyi "28 May" NQÇİ-nin Xəzər dəniz özülü şöbəsinin geoloqu Fuad Həsənov tərəfindən "Neft və qaz yataqlarının istismarı" mövzusunda hazırlanmış geniş çıxış dinlənilmişdir. Neft və qaz yataqlarının işlənməsi və istismarı ilə bağlı mühazirələrdə təqdim olunan nəzəri bilikləri daha da möhkəmləndirmək, gələcəyin neftçilərini istehsalatla daha yaxından tanış etmək məqsədilə onların "Bibiheybət" NQÇİ-yə ekskursiyası təşkil olunub. Burada quyuların işlənməsi ilə bağlı iştirakçıları maraqlandıran suallar təcrübəli mütəxəssislər tərəfindən cavablandırılmış və onlara istehsalat barədə geniş məlumat verilib. Günün axşam qonağı hissəsində isə ARDNŞ-nin Neftin, qazın hasilatı və nəqli üzrə vitse-prezidenti Rəhman Qurbanov və onun müavini Məmmədağa Əliyevlə görüş keçirilib. Qonaqlar ümumilikdə neft sənayesi ilə bağlı dəyərli fikirlərini iştirakçılarla bölüşmüş, bu sahənin əsaslı inkişaf mərhələsinə qədəm qoymasında ümummilli lider Heydər Əliyevin danılmaz xidmətlərindən söz açıblar. Keçirilmiş sual-cavab məktəb iştirakçılarının böyük marağına səbəb olub. Sentyabrın 4-də Yay məktəbinin iştirakçıları üçün ekologiya mövzusuna həsr olunmuş təqdimatlar keçirilib. ARDNŞ-nin Ekologiya İdarəsinin əməkdaşı Ramil Rüstəmov, Təbiət Elmləri İctimai Birliyinin sədri Rövşən Əkbərov və Şirkətin neft-qaz emalı və neft-kimya kompleksi layihəsi məsələləri üzrə departamentinin layihə üzrə işlərin təşkili şöbəsinin mühəndisi, xarici təqaüd proqramının məzunu Mehman Nəcəfli müvafiq olaraq "Mavi planet, yer kürəsi və ekoloji sfera", "Təbiət və səmərəli texnologiya", "Bərpa olunan enerji", "ARDNŞ-nin ekoloji fəaliyyəti" mövzularında təqdimatlar keçiriblər. Günün mövzusu ilə bağlı ARDNŞ tərəfindən həyata keçirilən ən mühüm ekoloji layihələrdən biri olan "Ekoloji park"a ekskursiya təşkil edilib. Ekskursiya zamanı Ekologiya İdarəsinin mütəxəssisləri Yay Məktəbi iştirakçılarına layihə haqqında ətraflı məlumat vermişlər. Məktəbin 3 və 4-cü gününün qeyri-rəsmi hissəsində iştirakçılar üçün maraqlı interaktiv oyunlar təşkil edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB