Haqsız rəqabət hallarının qarşısı alınır

Haqsız rəqabət hallarının qarşısı alınır

Məlumat verildiyi kimi, Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynzadə küçəsi, ev 93 ünvanında \"Qranit\" firmasına məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı dondurmaların laborator müayinədən keçirilmədən satılması, \"Elegant\", \"Karnaval\", \"Bosman\", \"Ailəvi\" dondurmalarının etiketlərində məhsulun qida və enerji dəyərinin, \"Ailəvi\" dondurmasının etiketində isə yağlılığın resepturada müəyyən edilmiş həddən artıq göstərilməsi, dondurma istehsalı zamanı təbii süddən istifadə edilmədiyi halda \"Ailəvi\" dondurmasının etiketində məhsulun tərkibində təbii südün olmasının, \"Elegant\", \"Karnaval\", \"Bosman\", \"Ailəvi\" dondurmalarının tərkibində isə resepturalarında nəzərdə tutulmayan hidrokarbonatların olmasının göstərilməsi səbəbindən bu təsərrüfat subyekti barəsində İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb. SİA-nın xəbərinə görə, Dövlət Xidmətində istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verilməsi ilə bağlı işə baxılıb və \"Haqsız rəqabət haqqında\" Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə \"Qranit\" firmasına 4,9 min manat maliyyə sanksiyası tətbiq edilib.

Bakı şəhəri, Xətai rayonu, Xəzər küçəsi, ev 3 ünvanında fiziki şəxs Tahir Qasımova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı dondurmaların etiketində enerji dəyərinin resepturada müəyyən edilmiş həddən fərqli və tərkibində resepturada nəzərdə tutulmayan xammallar olduğunun göstərilməsi, habelə dondurmaların laborator müayinədən keçirilmədən satışa çıxarılması səbəbindən bu sahibkar barəsində İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Dövlət Xidmətində istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verilməsi ilə bağlı işə baxılmış və \"Haqsız rəqabət haqqında\" Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə sahibkar Tahir Qasımova 637 manat maliyyə sanksiyası tətbiq edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə