Son dövrlər "Balakən Elektrik Şəbəkəsi"nin (EŞ) enerji təsərrüfatında istehlak olunan elektrik enerjisi haqqının tam şəkildə ödənilməsi istiqamətində görülən tədbirlər öz müsbət nəticəsini verməkdədir.
"Azərenerji" ASC-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, rayonun elektrik enerjisinin təchizatı ilə bağlı heç bir problem yoxdur. Bütün istehlakçı qruplar sutka ərzində 24 saat fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunurlar.
Qeyd edək ki, Balakən rayonunda elektrik şəbəkələrinin fəaliyyətlərini sağlamlaşdırmaq, elektrik enerjisi ilə təminatını daha da yaxşılaşdırmaq və iqtisadiyyatın elektrik enerjisi ilə fasiləsiz təchizatını təmin etmək məqsədi ilə mühüm işlər görülüb. Bu baxımdan, şəbəkənin xidməti ərazisində dirəklərin yenisi ilə əvəz olunması istiqamətində görülən işlər diqqətəlayiqdir. Məsələn, təkcə bu ilin beş ayı ərzində 6-10 kV-lik xətlərdə 250 dayaq yenisi ilə əvəz edilib. Elektrik enerjisi ilə təminatda dayanıqlığın təmin edilməsi məqsədi ilə yarımstansiyalarda da təmir işləri aparılıb. Cari ilin ilk 5 ayında 110/6 kV-lik "Katex", 110/35/10 kV-lik "Balakən", 35/10 kV-lik "Qabaqçöl" yarımstansiyalarında cari təmir işləri aparılıb, avadanlıqlar sazlanıb və rənglənib. Hazırda bu proses tədbirlər planına uyğun davam etdirilir: köhnə dayaqlar yenisi ilə əvəz olunur, xətlərin keçdiyi ərazi yaşıl kütlədən təmizlənir, transformatorlar təmir edilir. Onu da bildirək ki, rayonun elektrik enerjisi ilə təchizatı sahəsində görülən zəruri tədbirlər istismar səviyyəsini yüksəldib, bir çox enerji təchizatı problemlərini aradan qaldırıb.
Mənbə istehlakçılara verilən elektrik enerjisinin haqqının ödənilməsi sahəsində də vəziyyətin normal olduğunu bildirir. Məsələn, bu ilin yanvar ayında yığım faizi 89,7 faiz olduğu halda, görülmüş tədbirlər nəticəsində may ayında ötən ayların debitor borcu da nəzərə alınmaqla 102,0 faiz olub. Enerji obyektindən o da bildirildi ki, istifadə olunmuş elektrik enerjisinin haqqının tam həcmdə ödənilməsinin təmin edilməsi dövlət əhəmiyyətli məsələ olduğundan bu istiqamətdə daha da yaxşı nəticələrin əldə olunmasına səy göstərilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB