Doqquz ayda qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 43 faizə yaxın artıb
Cari ilin 9 ayında qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 42,7 faiz artaraq 2,8 milyard dollar təşkil edib. SİA xəbər verir ki, hesabat dövründə turizm xidmətləri üzrə ixracın (1,6 milyard dollar) idxalı (1,2 milyard dollar) üstələməsi nəticəsində 0,4 milyard dollar həcmində profisit yaranıb.
Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 18,9 faiz, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 29,1 faiz artıb. Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 1,2 milyard dollar olub. Bunun 78,4 faizi Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olub (məkik idxal üçün vəsaitlər istisna olmaqla).
Hesabat dövründə qeyri neft-qaz sektoru üzrə qeyri-rezidentlərə göstərilən tikinti xidmətlərinin həcmi 11,4 faiz daralaraq 25 milyon dollar təşkil edib. Qeyri neft-qaz sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin həcmi isə 57,3 faiz artaraq 1,4 milyard dollar olub.
Bütün xəbərlər Facebook səhifəmizdə