"Getdikcə bu asılılığı azaltmağın yollarını tapmalıyıq" - MÜNASİBƏT BİLDİRİLDİ

"Azərbaycanın müasir tarixi son 150 ili götürdükdə neftlə bağlıdır". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

O bildirib ki, təbii ki, neft Azərbaycanın iqtisadi, siyasi, ictimai və sosial həyatında ən vacib rol oynayan amildir: "Son onilliklərdə, müstəqillikdən üzü bəri "Əsrin müqaviləsi" bağlandıqdan sonra Azərbaycanın iqtisadi dayanıqlılığının yüksəlməsi, inkişafı üçün neft mühüm rol oynayır. Bu gün də belədir.

Bizim ixracatımızda neftin payı hələ də təqribən 90%-a yaxındır. Enerji daşıyıcılarının payı, neft gəlirləri Azərbaycan büdcəsinin birbaşa 50%-ni, dolayısı ilə təqribən 60%-65%-ni təşkil edir. Neft Azərbaycanın həyatında ən mühüm rol oynayan amildir. Son illərin təcrübəsi göstərir ki, bazar iqtisadiyyatı şəraitində ölkəmizdə neft-qaz­çıxar­ma sənayesinin daha da inkişaf etdirilməsi nəticəsində Azərbaycanın dünya iqtisadı sisteminə in­teq­rasiyasının güclənməsi ilə yanaşı beynəlxalq imici də artmağa başlamışdır. Azərbaycanda iqtisadiyyatın və büdcənin formalaşmasında neftin rolu həddindən artıq yüksəkdir. Bu həm yaxşıdır, həm də pisdir. Yaxşıdır, ona görə ki, Azərbaycanın təbii resursları Azərbaycan xalqı üçün çalışır. Pisdir, o mənada ki, biz neftdən çox asılıyıq. Getdikcə bu asılılığı azaltmağın yollarını tapmalıyıq. Hər bir halda neftçilər, neft sahəsində çalışanlar Azərbaycan iqtisadiyyatında ciddi rol oynayırlar. Onların bayramını təbrik edirəm".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə