Blokçeyn texnologiyaları sahəsində maarifləndirmə tədbirləri həyata keçiriləcək

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və “Binance Investments Co. Ltd.” (Binance) şirkəti Azərbaycanda blokçeyn təhsili və texnologiya tətbiqinin gücləndirilməsi məqsədilə Anlaşma Memorandumu imzalayıblar. Bu barədə SİA-ya İqtisadiyyat Nazirliyi yanında Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzindən bildirilib.

Məlumata əsasən, sənədi 4SİM-in icraçı direktoru Fariz Cəfərov və “Binance” şirkətinin Regional bazarlar üzrə baş rəhbəri Vişal Saçindran imzalayb.

“Bu tərəfdaşlıq Azərbaycan gənclərini və mütəxəssislərini “Web3”, blokçeyn və əlaqəli texnologiyalar sahəsində qabaqcıl biliklərlə təmin etmək istiqamətində mühüm addımdır. Memorandum çərçivəsində “Binance” şirkəti özünün strateji təhsil tərəfdaşı “Blockchain and AI Technology Center Binance” ilə birlikdə Qlobal Universitetlərə Yardım Proqramı (GUOP) çərçivəsində Azərbaycan universitetləri ilə əməkdaşlıq edəcək. Bu əməkdaşlıq tədris proqramlarının hazırlanması, sənaye mütəxəssislərinin mühazirələri və müəllimlər üçün birgə seminarların təşkili kimi fəaliyyətləri əhatə edir. Bundan əlavə, “Binance” akademiyası blokçeyn, NFT və metavers kimi mövzuları əhatə edən akkreditə olunmuş onlayn kurslar təklif edəcək. Kurslar Azərbaycan və ingilis dillərində olacaq”, - deyə qurumun məlumatında bildirilir.

“Binance” şirkətinin Regional bazarlar üzrə baş rəhbəri Vişal Saçindran bildirib ki, bu tərəfdaşlıq ölkədə təhsil və sənayenin inkişafına sadiqliklərini nümayiş etdirir: “Biz birlikdə blokçeyn və rəqəmsal aktivlərdə innovasiya və artımı təşviq etmək üçün əsas təşəbbüslərə diqqət yetirəcəyik. Məqsədimiz tələbələri və mütəxəssisləri rəqəmsal iqtisadiyyat üçün lazım olan bacarıqlarla təmin etməkdir. “Web3” və “blockchain” texnologiyasında öyrənmə və innovasiya üçün dəyərli imkanlar təmin edərək Azərbaycanda maarifləndirmə və blokçeyn təşəbbüslərini inkişaf etdirmək üçün lokallaşdırılmış təhsil proqramlarını dəstəkləməkdən məmnunuq”.

Bütün xəbərlər Facebook səhifəmizdə