"Qarabağ iqtisadi rayonuna 2 milyard 254 milyon 400 min investisiya qoyulub" - ŞƏRH EDİLDİ
"İşğaldan azad olunmuş bölgələrimizdə hal-hazırda böyük quruculuq işləri gedir. Bu quruculuq işləri bir zərurət idi". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Elman Sadıqov deyib.

O bildirib ki, ermənilər oranı 30 il ərzində səhraya, xarabalığa çevirmişdilər: "Amma biz bu quruculuq işlərinin hal-hazırda birinci mərhələsini görürük. Birinci mərhələyə zəruri infrastruktur layihələrinin həyata keçirilməsi, yolların çəkilməsi, evlərin tikilməsi, tunellər, kommunal xidmətlərin təşkili, rabitə xidmətlərinin təşkili və sair aiddir. Bu birinci mərhələdə işlərin xeyli hissəsi görülmüşdür. Təkcə 2023-cü ildə Qarabağ iqtisadi rayonuna 2 milyard 254 milyon 400 min manat məbləğində investisiya qoyulub. Şərqi Zəngəzura isə 2023-cü il ərzində 4 milyard 11 milyon investisiya qoyulub. Bu, əlbəttə, yaxşı rəqəmlərdir, təqdirəlayiqdir və bunların əksər, böyük hissəsi məhz infrastruktur layihələrinin, həm də evlərin tikintisi, məskunlaşmanın təmin olunması, iqtisadi dillə desək, işçi qüvvəsinin formalaşmasına xidmət edir. Çünki məskunlaşan əhali həm də gələcəkdə işçi qüvvəsidir.
Məskunlaşan əhali orada gələcək üçün istehlakçıdır. Əhali, istehlak olmasa, əlbəttə ki, yollar, biznes heç kimə lazım olmaz. Nəticə etibarilə həm evlərin tikilməsi, əhalinin köçürülməsi "Böyük Qayıdış" dövlət proqramının yerinə yetirilməsi vacib bir istiqamətdir, digər tərəfdən isə infrastruktur layihələrinin həyata keçirilməsi vacib istiqamətdir. Bu da gələcəkdə həm də biznesin təşəkkül tapmasına dəstək olacaq. Çünki yollar, kommunal, rabitə xidmətləri, infrastruktur layihələri olmasa həmin bölgədə biznes də olmaz".
Onun sözlərinə görə, növbəti mərhələ isə sürətli şəkildə biznesə keçiddir: "Bu mərhələdə fabrik, zavodların, emal müəssisələrinin tikilməsi, qurulmasıdır ki, bu da müəyyən dərəcədə bir çağırışdır. Çünki burada köçürülən əhalinin sürətli şəkildə həm də işlə təmin olunması məsələsi var. İkinci məsələ isə orada biznes dövriyyəsinin sürətli şəkildə yaranması məsələsi var ki, məskunlaşma daha sürətli olsun. Bu da çox önəmli məsələdir. Üçüncü məsələ də oraya qoyulan vəsaitlərin bir müddətdən sonra dövlət büdcəsinə müəyyən yollarla geri qaytarılmasıdır. Əlbəttə, hazırda qoyulan vəsaitlərin müəyyən hissəsi dövlət büdcəsinə, orada işləyən şirkətlərin mənfəət vergisi, işləyən sakinlərin gəlir vergiləri şəklində, Dövlət Sosial Müdafiə Fonduna ödənişləri şəklində geri müəyyən dərəcədə qayıtması təmin olunur. Xüsusilə, yerli istehsal olunan tikinti materialları məsələsi, dövriyyənin artması, həmin materialları istehsal edən müəssisələrin gəlirlərinin, mənfəət vergisinin artması dövlət büdcəsinə artımları təmin edən əsas amillərdir. Amma düşünürəm ki, ən əsas artım, gözlənilən inkişaf biznes və iqtisadiyyat sahəsində olacaq. Burada turizm sahəsi çox önəmlidir. Kənd təsərrüfatı sahəsində təkcə əkin-biçin deyil, həm də emal müəssisələrinin formalaşması, konserv zavodları buraya aiddir. Söhbət şərabçılıqdan gedirsə, xüsusilə Zəngilan və Füzulidə üzümçülük vaxtı ilə çox yaxşı olub. Oranın üzümünün özünəməxsus dadı var. Ağdam konyakının vaxtilə böyük nüfuzu olub, brend kimi tanınıb.
Biz yavaş-yavaş biznes mərhələsinə keçirik. Biznes mərhələsində isə dövlətin rolu azalır. Çünki dövlətin əsas vəzifələri infrastruktur layihələrinin tikilməsi, orada infrastrukturun formalaşdırılmasıdır. Biznes məsələsində isə dövlət birbaşa iştirakçıdan tənzimləyici iştirakçıya çevrilir. Tənzimləyici iştirakçı dedikdə oraya cəlb olunan investorların, iş adamlarının oradakı biznes mühiti çərçivəsində fəaliyyətinin təmin olunmasıdır. Burada ən önəmli məsələlərdən biri növbəti mərhələlərdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındakı biznesin inkişafının, oranın tanınması, turizm cəlbi və sair ölkəmizin də digər turistik bölgələrinə təsiri gözlənilir. Yaxud da, əksinə ölkəmizin digər turistik bölgələrinə gələn şəxslərin Qarabağ və Şərqi Zəngəzura turlarının, yaxud onların oralara getməsinin təmin olunması da növbəti mərhələnin əsas məsələlərindən biri olacaq. Bir turist bir ölkəyə getdikdə orada maksimum şəkildə həmin ölkənin görməli yerlərini görməyə çalışır ki, bunun təmin olunması və Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının da buraya cəlb olunması önəmlidir. Nəticə etibarilə həm Şərqi Zəngəzur, Qarabağa, həm də ölkəmizin digər bölgələrinə müsbət təsiri gözlənilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB