AÇG-dən indiyədək hasil olunan neftin həcmi

“Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları istismara veriləndən 01 iyun 2024-cü il tarixinədək 637,9 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 591,6 milyon ton neft, “Şahdəniz”dən isə 46,3 milyon tona yaxın kondensat çıxarılıb. Energetika Nazirliyindən SİA-ya verilən məlumata görə, bundan 01 iyun 2024-cü il tarixinədək təqribən 635,9 milyon tonu ixraca nəql edilib.

Məlumata görə, 2024-cü ilin yanvar - may aylarında ölkədə 12 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft hasilatının 6,8 milyon tonu AÇG-nin, 1,8 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,25 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 3,1 milyon ton təşkil edib.

“Hesabat dövründə 9,9 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 8,6 milyon tonu konsorsiumun, 1,3 milyon tonu isə SOCAR-ın payına düşüb”, - məlumatda qeyd olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə