“Təkrar emal vasitəsilə su resurslarının tükənməsinin qarşısını almaq lazımdır” - ŞƏRH EDİLDİ

“Atmosferdə temperaturun artması istənilən halda bir çox fəsadlara gətirib çıxarır. Bir tərəfdə daşqınlar, digər tərəfdə isə quraqlıq əmələ gəlir və balans pozulur. Nəzərə almaq lazımdır ki, su çatışmazlığı bu gün bütün dünyada müşahidə olunur. Yer üzərində əhali sayının artması da bu problemə zəmin yaradan səbəblər sırasındadır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Sadiq Qurbanov deyib.

Deputat bildirib ki, yer üzərində əvvəl 1 milyard insan var idisə, bu rəqəm indi 8 milyard təşkil edir və bu qədər insanın tələbatı ödənilməlidir: “İstənilən məhsulun istehsalı su vasitəsilə başa gəlir. Yəni, geyindiyimiz paltarlardan tutmuş gündəlik məişət vasitələrinə qədər hər bir məhsul su hesabına başa gəlir. Bu səbəbdən də şirin su ehtiyyatları daha çox sərf olunur. Lakin burada insanların sudan səmərəsiz istifadəsinin rolu böyükdür.

Həmçinin kənd təsərrüfatında da sudan çox ciddi şəkildə istifadə olunur. Amma artıq dünyada yeni sistemlər keçmək mütləq hal alıb. Dünyanın bugünkü tələbi budur ki, yeni innovativ texnologiyalar vasitəsilə məhsul istehsal olunmalıdır. Azərbaycan, o cümlədən bütün dünya çalışır ki, əhalinin tələbatını ödəyə bilmək üçün şoranlanmış torpaqları yenidən yuyaraq, aqro-texniki qulluq göstərərək istehsal zəncirinə qaytarsınlar. Burada suyun əlavə istifadəsi də nəzərdə tutulur. Amma bu tam olaraq onu əhatə etmir. Təkrar emal vasitəsilə su resurslarının tükənməsinin qarşısını almaq lazımdır. Biz suyu daim çirkləndirib, duzlu su ilə qarışdırmaqla heç bir nəticə əldə etməyəcəyik.

Dövlət başçısının dəniz suyunun duzsuzlaşdırılması, su hövzələrinin yaradılması ilə verdiyi qərarların hər biri də su resurslarının səmərəli istifadəsinə yönəlib. Əgər biz sudan səmərəli istifadə etmədiyimiz təqdirdə bizi böyük çətinliklər gözləyir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə