“İşğaldan azad edilmiş ərazilərimiz böyük tikinti meydanına çevrilib” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“İşğaldan azad edilmiş ərazilərimiz böyük tikinti meydanına çevrilib” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı şanlı qələbə sayəsində tarixi ədalət və ölkəmizin ərazi bütövlüyü təmin olunub. Post-müharibə mərhələsində isə qalib Azərbaycanın qarşısında yeni çağırışlar durur. Bu çağırışlar, ilk növbədə, işğaldan azad edilmiş ərazilərin bərpası və oraya Böyük Qayıdışı təmin etməklə bağlıdır. Azərbaycan dövləti Böyük Qayıdışı qısa müddətdə və yüksək səviyyədə təmin etmək əzmindədir. Müharibənin başa çatmasından üç il altı ay ötməsinə baxmayaraq, artıq işğaldan azad edilmiş ərazilərimiz böyük tikinti meydanına çevrilib. Şəhər və kəndlərin bərpası ilə yanaşı, həm də müxtəlif istiqamətlərdə zəruri infrastrukturun yaradılması ilə bağlı layihələr reallaşdırılır. Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərin bərpasına və burada zəruri infrastruktur quruculuğuna böyük önəm verir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat qeyd edib ki, burada müasir texnologiyalar, “ağıllı şəhər” və “ağıllı kənd”lər inşa olunur: “Ən müasir şəhərsalma nümunələri istifadə edilir. Ölkə başçısı Qarabağı nəinki regionun, bütün dünyanın müasir, əsrarəngiz və təhlükəsiz bölgəsinə çevirməkdə qərarlıdır. Ölkədə son 20 il ərzində bütövlükdə 21000 kilometrə yaxın avtomobil yolu tikilib, yenidən qurulub. Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən, hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında heç vaxt yolu olmayan yerlərə də asfalt yol çəkilir. 2021-ci ildən indiyədək min kilometrdən artıq bütün standartlara cavab verən yol inşa edilib. Xüsusi olaraq vurğulanmalıdır ki, işğaldan azad edilmiş ərazilərdə yol-nəqliyyat infrastrukturu yaradılarkən ən müasir standartlar tətbiq olunur. Digər bir mühüm amil ondan ibarətdir ki, yeni yolların çəkilməsində əsasən yerli materiallardan istifadə edilir. Cəmi 2 il əvvəlki vəziyyətlə hazırkı mərhələni müqayisə etdikdə dünyada bu sürət və keyfiyyətdə görülən işlərə rast gəlmək mümkün deyil”.

A.Hüseynov bildirib ki, Azərbaycan dövləti yalnız öz gücünə, heç bir beynəlxalq maliyyə qurumundan yardım almadan işğaldan azad olunan ərazilərdə ən müasir standartlara uyğun yol-nəqliyyat infrastrukturları yaradır: “İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda xüsusən yol infrastrukturunun dünyanın yeni standartlarına uyğun şəkildə inşa edilməsi səbəbsiz deyil. Məqsəd həm burada yaşayacaq vətəndaşlarımızın müxtəlif istiqamətlərə çıxışını rahat şəkildə həyata keçirməsinə şərait yaratmaq, həm beynəlxalq yükdaşımalarda itkilərin qarşısını almaq, həm də Orta Dəhlizin bir hissəsi olan bölgədə nəqliyyat axınını tənzimləməkdir”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə