“Dünyada qızılın unsiyası dollarla müəyyən edilir“ - İQTİSADÇI DANIŞDI

“Əvvəllər dünyanın əksər ölkələri ehtiyat səbətlərini dollarla saxlamağa üstünlük verirdi. Ancaq son zamanlar bir çox ölkələri ehtiyat səbətində qızılın həcmini durmadan artırır. Bəzi ölkələr öz ehtiyatlarını diversifikasiya etmək üçün qızıla üstünlük verir. Bu səbəbdən də qızılın qiyməti durmadan bahalaşır. Son 10 ildə qızılın bahalaşmasını stimullaşdıran da məhz bu amildir. Tək bir faktı deyim ki, 2023-cü ilin ilk 3 rübündə dünya ölkələrinin aldığı qızılın həcmi 2022-ci ildə alınan qızıldan 20 faiz çox olub. Ehtiyat səbətini qızılla zənginləşdirən ölkələrdən biri də qardaş Türkiyədir. Bu ölkə təkcə mart ayında yox, son 4-5 ildə qızıl ehtiyatını xeyli artırıb”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Fuad İbrahimov deyib.

O bildirib ki, qızıla üstünlük verən ölkələr arasında Rusiya, Çin, Hindistan və digər böyük dövlətlər də var: “Bununla yanaşı əksər Asiya ölkələrə ehtiyat səbətlərində qızılın çəkisini durmadan artırır. Bu siyahını xeyli genişləndirmək olar. Bəzi Şərqi Avropa, Cənubi Amerika və hətta bir sıra Afrika dövlətləri qızıl ehtiyatlarını artırmaqla məşğuldur”.

Fuad İbrahimov ölkələrin ehtiyat səbətlərinin qızıla çevirməsinin səbəblərindən də danışıb: “Səbəblərdən biri son zamanlar Rusiyanın dollarla olan valyuta ehtiyatlarının Avropa banklarında dondurulmasıdır. Bu addım bir çox ölkələri Avropa banklarında ehtiyat saxlamaqdan çəkindirir. Bundan başqa qızıla üstünlük verilməsində bəzi populist çıxışların da rolu az deyil. Məsələn, İlon Mask kimi birisinin dollarla bağlı narahatlığını dilə gətirməsi vəziyyətə əsaslı şəkildə təsir edir.

Amma bu cür populist danışan insanlar bir faktı unudur ki, qızılın özü də dollara bağlıdır. Çünki dünyada qızılın unsiyası dollarla müəyyən edilir. Bütün dünya qızılın qiymətini məhz dollarla ifadədə qəbul edir, anlayır. Bu gün dünyada dollar qədər ikinci bir populyar valyuta yoxdur. Üstəlik, dünya ölkələrinin ehtiyat səbətinin əsas hissəsi dollarla saxlanılır”.

“Ona görə də heç bir ölkə, hətta Rusiya, Çin və digər ölkələr dolların qəfildən məzənnədən düşməsini istəmir. Bu gün yeni valyutalar, hətta elektron valyutalar da yaranır. Amma bu valyutaların hamısı son nəticədə dollarla ifadə olunur.

Məsələn deyirlər ki, bir “Bitcoin” filan qədər dollaradır. Bax, bu siyasət, bu fəlsəfə elə formada qurulub ki, yeni yaranan ən uğurlu valyuta belə dolları tam şəkildə əvəz edə bilmir. Nə qədər ki, anoloji valyuta tapılmayıb, bərqərar olmayıb, bir o qədər də dollar dünya iqtisadiyyatında dominantlıq edəcək”,- deyə iqtisadçı əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə