Koreya şirkətlərinə Azərbaycanda biznes üstünlükləri barədə seminar keçirilib

Cənubi Koreya İdxalçılar Assosiasiyasının (KOIMA) Seul şəhərindəki baş ofisində Koreya şirkətləri üçün Azərbaycanda biznes üstünlükləri barədə seminar keçirilib. SİA xəbər verir ki, görüşdən əvvəl Azərbaycanın Koreyadakı səfiri Ramin Həsənov KOIMA-nın sədri Byunq-Kvan Kimlə görüşüb. Tərəflər sözügedən qurumun yaxınlarda Azərbaycana təşkil etdiyi alıcı missiyası, eləcə də, Azərbaycan-Koreya iqtisadi əməkdaşlığının təşviqi vasitələri barədə məhsuldar müzakirələr aparıblar.

Byunq-Kvan Kim seminarda iştirak edən Koreya şirkətlərinin təmsilçilərini KOIMA-nın nümayəndə heyətinin Azərbaycana alıcı missiyasının nəticələri və uğurları barədə məlumatlandırıb, Azərbaycan-Koreya ticarət əlaqələrinin daha da gücləndirilməsi niyyətini ifadə edib.

Səfir Ramin Həsənov ölkəmizin iqtisadi potensialı, əlverişli biznes və sərmayə mühiti, xarici ticarəti barədə məlumat verib. Diplomat, həmçinin Ermənistanın işğalından azad olunmuş ərazilərimizdəki investisiya layihələrini təqdim edib.

Seminarda KOIMA tərəfindən Azərbaycanın kənd təsərrüfatı, qida emalı, şərabçılıq, şirniyyat, toxuculuq və yüngül sənaye sahələrində kommersiya imkanları barədə geniş təqdimat edilib. Tədbir sual-cavab sessiyası və interaktiv müzakirələrlə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə