“Yaşıl iqtisadiyyat bütövlükdə müasir dövrün əsas çağırışlarından biridir" - ŞƏRH EDİLDİ

“Yaşıl iqtisadiyyat bütövlükdə müasir dövrün əsas çağırışlarından biridir. Nəzərə almalıyıq ki, yaşıl iqtisadiyyatın dəstəklənməsi Azərbaycan üçün də prioritetdir. Qarabağ və Şərqi Zəngəzurda yaşıl iqtisadiyyatın dəstəklənməsi ilə bağlı işlər həyata keçirilir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Deputat bildirib ki, Azərbaycanda bu ilin iki ayının yekun nəticələri göstərir ki, günəş enerjisinin istehsalı altı dəfə artıb: “Bu kifayət qədər yüksək artımdır və rekord göstəricidir. Bu da alternativ mənbələrdən əldə edilən enerjinin payının artması və yaşıl iqtisadiyyatın daha da güclənməsi anlamına gəlir. Bu konteksdən təbii ki, Azərbaycanda yaşıl iqtisadiyyatın formalaşması və bütövlükdə iqtisadiyyatda payının artması ilə bağlı fəaliyyətlərin genişlənməsini müşahidə edirik. 2030-cu ilədək ümumi istehlakda alternativ mənbələrdən əldə edilən enerjinin payının 30 faizə qədər yüksələcəyi gözlənilir. Bu təbii ki, yaşıl iqtisadiyyatın formalaşması və inkişafı baxımından çox vacib məqamlardan biridir.

COP29-un Bakıda keçirilməsi də ondan xəbər verir ki, Azərbaycan yaşıl iqtisadiyyatın formalaşmasına dəstək verən ölkələrdəndir. Nəticə etibarilə biz yaşıl iqtisadiyyatın genişləməsi və o istiqamətdə fəaliyyətlərin sistemləşməsini müşahidə edirik. Bu baxımdan COP29 da Azərbaycanda yaşıl iqtisadiyyatın formalaşmasına töhfə verəcək”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə