Novruz bayramında insanların axını necə təmin olunacaq? - SORĞU

Novruz bayramı ərəfəsində və bayram günlərində insanlar paytaxt ərazisindən bölgələrə, bölgələrdən isə Bakıya üz tutacaqlar. Əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün nəqliyyat üzrə qurumlar da gücləndirilmiş iş rejiminə keçəcək. SİA sizin üçün qurumlardan bu barədə məlumat alıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar Novruz bayramı ərəfəsində və bayram günlərində martın 18-dən 26-na kimi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək: “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişin daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən fasiləsiz və təhlükəsiz hərəkətin təmin edilməsi, kassalardan tariflərə uyğun biletlərin qanunamüvafiq qaydada satışının həyata keçirilməsi, bayram günlərində yarana biləcək sərnişin sıxlığının qarşısının alınması, eləcə də avtobusların təsdiq edilmiş cədvəl üzrə hərəkət qrafiklərinə ciddi riayət edilməsi ilə bağlı bütün avtovağzal və avtostansiyalara müvafiq tapşırıqlar verib.

Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) bayram günlərində sərnişin axınına uyğun olaraq, marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunacaq.

Sərnişin sıxlığının qarşısını almaq üçün xəttə lazımi sayda əlavə avtobusun buraxılması təmin ediləcək”.

“Bakı Metropoliteni” QSC də Novruz bayramının qeyd edildiyi martın 20-i və 21-də iş rejimində dəyişikliklər edəcək. Belə ki sərnişin məmnunluğu və metro istifadəçilərinin rahat hərəkəti nəzərə alınaraq, bayram günlərində şəhər mərkəzinə, bayram gəzintisi və müxtəlif tədbirlərin keçiriləcəyi məkanlara yaxın stansiyalarda növbətçilik cədvəli tərtib olunacaq: “Qeyd edilən iki gün ərzində saat 07:00-dan 21:00-dək “Həzi Aslanov-28 May” sahəsində qatarların hərəkəti 2,5 dəqiqəlik intervalla tənzimlənəcək. Martın 22-dən 26-dək həmin sahədə interval 3 dəqiqə təşkil edəcək. Yaşıl və Qırmızı xətlərin kəsişərək birləşdiyi “28 May” stansiyasından “İçərişəhər” və “Dərnəgül” istiqamətlərində qatarların hərəkət intervalı iki dəfə artıq olacaq. “Bakmil” istiqamətində hərəkət edən sərnişinlərdən xahiş olunur ki, martın 20-21-də şənbə gününün, martın 22-26-da isə bazar gününün hərəkət cədvəllərindən istifadə etsinlər”.

Qurumdan bildirilib ki, bununla yanaşı, qeyri-iş günlərində ehtiyat qatarlar, zərurət yaranacağı təqdirdə xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq: ““Bakı Metropoliteni” QSC sərnişinlərinə müraciət edərək, bayram günlərinin xoş ovqatda keçirilməsi və fəsadların yaşanmaması üçün neqativ hallara yol verilməməsini rica edir. Metropolitendən istifadə qaydalarına, ictimai asayişin tələblərinə, sanitar-gigiyenik normalara ciddi riayət edilməsi xahiş olunur”.

“Azərbaycan Dəmir Yolları” QSC-nin bütün strukturları bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Artan sərnişin tələbatı nəzərə alınaraq 20-26 mart tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə axşam və səhər reysləri, Bakı–Qəbələ–Bakı marşrutu üzrə isə gündəlik reyslər təyin olunub.

Belə ki, 19 mart tarixində Bakı–Ağstafa–Bakı marşrutu üzrə oturacaq tipli vaqonlardan ibarət sürət sərnişin qatarı saat 07:00-da Bakıdan Ağstafaya, saat 15:00-da isə geriyə, 20 və 21 mart tarixlərində saat 09:15-də Bakıdan Ağstafaya, saat 18:00-da isə geriyə, 22 mart tarixində saat 23:55-də Bakıdan Ağstafaya, 23 mart tarixində saat 15:00-da isə Ağstafadan Bakıya yola düşəcək.

Həmçinin xətt üzrə 20, 24, 25 və 26 mart 2024-cü il tarixində “Stadler” şirkətinə məxsus müasir sərnişin qatarları da əlavə reyslər üzrə fəaliyyətdə olacaq. Sözügedən günlərdə sürətli sərnişin qatarları Bakıdan saat 07:50-də, Ağstafadan isə saat 16:45-də yola düşəcək.

Bayram günlərində Bakı–Qəbələ–Bakı marşrutu üzrə qatarlar hər gün hərəkət edəcək. Qatar Bakıdan Qəbələyə saat 07:30-da, Qəbələdən Bakıya isə saat 19:00-da yola düşəcək.

20-26 mart tarixlərində Abşeron dairəvi dəmir yolu xətti üzrə isə qatarlar qeyri-iş günlərinin qrafikinə uyğun fəaliyyət göstərəcək.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə