“Azəriqaz” mənzil və obyektlərin müayinəsi zamanı aşkar edilən nöqsanları açıqlayıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi “Qaz təsərrüfatı haqqında" qanuna edilən dəyişikliklərə əsasən, fevralda 110 mindən çox ev və obyektlərdə müayinələr aparıb. SİA-nın məlumatına görə, bunu “Azəriqaz”ın Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov bu gün keçirilən “Açıq qapı” aksiyasında bildirib.

Onun sözlərinə görə, mənzil və obyektlərdə müayinələrə bu ilin yanvarından başlanılıb:

"Keçirilən müayinələr nəticəsində 60 min civarında nöqsanlar qeydə alınıb. Bu kiçik rəqəm deyil. 4 855 mənzildə xüsusi təhlükəli vəziyyəti nəzərə alaraq qaz cihazlarının qaz təchizatı məcburi qaydada dayandırılıb. Bu cihazlarının bir çoxunun istismar müddəti bitib".

O qeyd edib ki, vanna otaqlarında quraşdırılmış qaz ilə su qızdırıcılarının, el arasında “pyatiminutka” deyilən cihazların böyük əksəriyyəti 15 ildən artıq istifadə olunan cihazlardır: “Bu cihazların da texniki pasportunda istifadə müddəti 10 ildən aşağı göstərilib. Bu isə onu təsdiq edir ki, artıq belə cihazlar istismar müddətindən çox istifadə edilir. Bu da ölüm saçan qurğulara çevrilmiş olur”.

İ.Behbudovun sözlərinə görə, müayinələr zamanı məlum olub ki, bir çox mənzillərdə qaz açılışı və mənzilə qaz verilişinin qeydiyyatı zamanı vanna otağında belə bir cihazın olması nəzərdə tutulmayıb və bu cihazlar hamam otağında sonradan quraşdırılıb: “Həmçinin, müayinələr göstərib ki, əksər evlərdə qazın sızmasını bildirən detektor yoxdur. Bir sıra mənzillərdə mətbəx otaqlarında yerdəyişmələrə rast gəlinir. Həyət evlərində isə tüstü bacalarında və qaz qurğularında rezin birləşmələrdə müəyyən problemlər aşkarlanıb”.

O vurğulayıb ki, “Azəriqaz” mənzillərdə və obyektlərdə müayinələri bu ilin noyabrın 1-nə qədər yekunlaşdırmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə